Ziyad Səmədzadə: «Azərbaycan aqrar-sənaye kompleksini gücləndirməlidir»

Ziyad Səmədzadə: «Azərbaycan aqrar-sənaye kompleksini gücləndirməlidir»
# 27 noyabr 2013 12:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi 2020-ci ilədək əhəmiyyətli şəkildə artacaq və bu, qeyri-neft sektorunun sayəsində baş verəcək. «APA-Economics»in məlumatına görə, bunu Xəzər Avropa Klubunda iş adamları ilə keçirilən görüşündə Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə bildirib.


Onun sözlərinə görə, Azərbaycan büdcəsinin həcmi son illər ərzində 7 dəfə artıb: «Bəzən bizə deyirlər ki, siz büdcəni sürətlə artırırsınız və bu, inflyasiya ilə nəticələnəcək. Lakin biz belə düşünmürük. Əgər büdcəni sürətlə artırmasaydıq, regionlarda və Bakıda belə inkişaf olmazdı».


Z.Səmədzadə deyib ki, bu gün Azərbaycanın sabit valyuta ehtiyatları var: «Bu gün Azərbaycan bir sıra Avropa ölkələri ilə iqtisadi əməkdaşlıq edir. Azərbaycan borc alan ölkədən borc verənə çevrilib. Bu da düşünülmüş siyasətin nəticəsidir».


Millət vəkili qeyd edib ki, Azərbaycanın ixrac potensialı hələ ölkəni tam qane etmir: «Çalışırıq ki, ölkədə qeyri-neft sektoru inkişaf etdirilsin. Çünki bu gün Azərbaycanda neftdən asılılıq hələ də var. Bunun üçün də qeyri-neft sektorunun özü təkmilləşdirilməlidir. Ölkədə yeni emal sahələri yaradılmalıdır. İş adamları emal sənayesinə daha çox diqqət ayırmalıdır və burada da daha çox iş yeri açmaq mümkün olacaq».

Z.Səmədzadə düşünür ki, Azərbaycanın aqrar-sənaye kompleksi gücləndirilməlidir. «Artıq SKMF-in 1 mlrd. manatdan çox pulu var və bu, sahibkarlığın inkişafına dəstək verir. Razıyam, bu gün Azərbaycanda sahibkarların çoxlu problemləri də var. Biz də düşünməliyik ki, rəqabətə davamlı məhsullar istehsal etməliyik və məhsullarımızı dünya bazarlarına çıxarmalıyıq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR