AMEA-da elmi jurnalların monitorinqini aparmaq üçün qrup yaradılacaq

AMEA-da elmi jurnalların monitorinqini aparmaq üçün qrup yaradılacaq
# 19 sentyabr 2013 07:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi jurnalların monitorinqinin həyata keçirilməsi üçün Monitorinq qrupu yaradılacaq. APA-nın xəbərinə görə, bu barədə qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul edib. İclasda çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Ramiz Alıquliyev vurğulayıb ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında müxtəlif elm sahələrini əhatə edən çoxlu sayda elmi nəşrlər bəzi parametrlər üzrə qəbul olunmuş normativ beynəlxalq standartlara cavab vermir. Alim bu faktın Azərbaycan elminin nailiyyətlərinin beynəlxalq aləmdə tanıdılmasında ciddi maneələr yaratdığını bildirib. Onun fikrincə, AMEA-nın təsisçiliyi ilə nəşr olunan elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması və nüfuzlu bazalarda təmsilçiliyinin təmin edilməsi zəruri məsələlərdəndir.

R.Alıquliyev Ali Attestasiya Komissiyasının siyahısında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən 292 elmi jurnaldan 58 jurnalın AMEA-nın təsisçiliyi ilə nəşr olunduğunu nəzərə çatdırıb. O, elmi jurnalların beynəlxalq standartlara cavab vermə səviyyəsinin analizi, mövcud problemlərin aşkarlanması və aradan qaldırılmasının mühüm məsələlərdən olduğunu bildirib. Sonra həmin jurnalların monitorinqi əsasında aparılmış araşdırmalarla bağlı statistik göstəricilər təqdim edilib, aparılmış təhlillər əsasında aşkarlanmış problemlərin mərhələlərlə həlli yolları müzakirə edilib və təkliflər irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR