Fransa səfiri: “Ərazi bütövlüyü prinsipi pozularsa, dünyada nizam pozular”

Fransa səfiri: “Ərazi bütövlüyü prinsipi pozularsa, dünyada nizam pozular”
# 04 aprel 2014 10:42 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. “Ukrayna ilə bağlı beynəlxalq duruma baxmayaraq, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların davam etməsi çox vacibdir. Çünki dünyada sülh yaratmaq üçün sabitlik və etimadın olması zəruridir”. APA-nın məlumatına görə ki, bunu jurnalistlərə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib. O bildirib ki, Fransanın Minsk Qrupu daxilində məqsədi həmsədr ölkələrin və iki ölkə prezidentinin səylərinə təkan vermək, konkret nəticə əldə etmək üçün prosesi irəliyə aparmaqdır: “Çünki bu regiona sabitlik lazımdır və hesab edirəm ki, gələcəklə bağlı optimist olmalıyıq. Ona görə də danışıqları heç nə əvəz edə bilməz. Mən Azərbaycan və Ermənistan prezidentlərinin liderliyinə inanıram. Əminəm ki, onlar insanların xeyrinə hərəkət edəcəklər".

P. Mönye hesab edir ki, bu yaxınlarda Ukraynada baş verən hadisələr 20 ildən çox Azərbaycan və Ermənistan arasında baş verənlərdən fərqlidir: “O ərəfələrdə sovet hökuməti dağılmışdı, yeni hökumətlər yaranırdı və çox qarışıq bir vəziyyət idi. Lakin iki situasiyaya baxaraq bizim ümumi bir siyasətimiz var, o da ərazi bütövlüyü prinsipidir. Ərazi bütövlüyü beynəlxalq hüququn əsas məqamıdır və bu prinsip pozulmazdır. Əgər ərazi bütövlüyü prinsipi pozularsa, dünyada nizam pozular. Buna görə də BMT Baş Assambleyası çərçivəsində Ukraynanı dəstəklədik və biz çox şadıq ki, Azərbaycan da BMT çərçivəsində Ukraynanı dəstəkləyən ölkələr sırasındadır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR