“Azərkosmos” “CABSAT-2014” sərgisində iştirak edib

“Azərkosmos” “CABSAT-2014” sərgisində iştirak edib
# 18 mart 2014 12:39 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərkosmos” ASC martın 11-13-də Birləşmiş Ərəbə Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən “CABSAT-2014” sərgisində öz stendi ilə iştirak edib.

“Azərkosmos” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Yaxın Şərq, Afrika və Cənubi Asiya regionunun ən böyük yayım, rəqəmli media və peyk xidmətləri tədbiri hesab edilən bu sərgidə “Azərkosmos” ASC-nin stendi iştirakçılarda müsbət təəssürat yaradıb və bir çox Yaxın Şərq və Avropa şirkətlərinin diqqətini cəlb edib.

Sərginin gedişatı zamanı Azərbaycanın milli peyki və onun resurslarının istifadə imkanları ilə maraqlanan şirkətlərlə “Azərkosmos” ASC-nin nümayəndələri arasında data və yayım xidmətləri sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

“Azərkosmos” ASC üçün “CABSAT-2014” sərgisində iştirak “Azərspace-1” telekommunikasiya peykinin imkanlarının beynəlxalq bazarda tanıtdırılması və “Azərkosmos” brendinin populyarlaşdırılması istiqamətində atılan mühüm addımlardan biridir.

Qeyd edək ki, “Azərkosmos” ASC Qafqaz regionunda fəaliyyət göstərən yeganə peyk operatorudur. Şirkət “Azərspace-1” telekommunikasiya peyki vasitəsilə Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi Asiya və Qafqaz regionunda yerləşən müştərilərinə yüksək etibarlı məlumatların ötürülməsi və teleyayım xidmətlərini təqdim edir. “Azərspace-1” peykinin orbital mövqeyi 46 dərəcə şərq uzunluğudur və xidmət müddəti 15 ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR