Nazir Xəzərdə kefal balıqlarının virusa yoluxması barədə yayılan məlumatlara münasibət bildirib

Nazir Xəzərdə kefal balıqlarının virusa yoluxması barədə yayılan məlumatlara münasibət bildirib
# 18 mart 2014 11:33 (UTC +04:00)

APA-nın xəbərinə görə, nazir Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib ki, bu gün üçün əsas problem Xəzər dənizinə olan müdaxilələrdir: “Təbiətdə də müəyyən xəstəliklər ola bilər və onlara qarşı kəskin mübarizə tədbirləri aparılmalıdır. Hazırda Xəzər dənizinin resursları tükənməkdədir. Prezident İlham Əliyev tərəfindən Xəzərin statusu ilə bağlı sammitdə ən qiymətli balıq növü olan nərəkimilərə embarqonun qoyulması və onların ovlanmasının qarşısının alınması dəstəkləndi. Ancaq əfsuslar olsun ki, bununla bağlı Xəzər hövzəsi ölkələri ilə bu danışıqlar çox vaxt aparır və hələ də konkret nəticə əldə olunmayıb. Azərbaycan isə birtərəfli qaydada buna riayət edir”.

Nazir vurğulayıb ki, Xəzər dənizi Azərbaycanın böyük sərvətidir, onun ətrafında bir neçə milyon insan yaşayır. Onun fikrincə, dənizin resurslarından ehtiyatla istifadə olunması insanların şüuru, münasibəti ilə bağlı olan məsələdir: “Təkcə inzibati yolla, brakonyerləri qovmaqla bu məsələnin nəticəsini əldə etmək mümkün olmur. Burada bir növ kommersiya xarakterli məzmunun olduğunu nəzərə alsaq, bunlara dəstək verənlər çoxdur, onları müəyyən himayə edən tərəflər də var. Yəni mübarizə aparılsa belə, istənilən nəticəni əldə etmək mümkün deyil. Biz dənizin qədrini bilnəli, cəmiyyət olaraq o münasibətlərdə bu prinsipləri üstün tutmalıyıq”.

Xəzər dənizində yaşayan bir çox balıq növlərinin xəstəliklərə tutulması məsələsinə gəlincə, H. Bağırovun sözlərinə görə, bununla bağlı təhqiqatlar aparıldığı üçün hələlik nəticələri məlum deyil: “Xəzərin Azərbaycan sektorunda bu hal hələlik kütləvi xarakter daşımır. Eyni zamanda ehtimal olunur ki, bütövlükdə balansın pozulmasının konkret təzahürü olan kefal balığı yırtıcı balıq olsa da, bunu ovlayan digər balıqlar da var. Bu balans pozulanda onun sayı çoxala bilir və xəstəliklərin artmasının qarşısını almaq çətinləşir. Hazırda məsələnin araşdırılması ilə nazirliyi elmi-təhqiqat mərkəzi məşğul olur. Bu məsələ elmi-tədqiqat işi olduğu üçün nəticələrin açıqlanacağı vaxtı demək olmur. Hazırda məsələnin cavabı axtarılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR