Tiflisdə “Cənubi Qafqaz və Qara dəniz regionunda islahatlar üzrə təhlükəsizlik sektoru” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO

Tiflisdə “Cənubi Qafqaz və Qara dəniz regionunda islahatlar üzrə təhlükəsizlik sektoru” mövzusunda beynəlxalq konfrans keçirilir - <span style="color: red;">FOTO
# 10 dekabr 2013 10:45 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə “Birinci Cənubi Qafqaz Təhlükəsizlik Forumu” çərçivəsində “Cənubi Qafqaz və Qara dəniz regionunda islahatlar üzrə təhlükəsizlik sektoru” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Avropa və Şimali Atlantika İşləri üzrə Mərkəz (CENAA) və Strateji və Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondu (GFSIS) tərəfindən təşkil edilib.

İki gün davam edəcək konfransda Azərbaycanı 5 nəfər, o cümlədən Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) əməkdaşları və Milli Məclisin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə təmsil edir.

Tədbirdə Gürcüstanın Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili, Gürcüstan XİN-in Siyasi departamentinin direktoru Georgi Nikolaişvili, Litvanın “Şərq Tərəfdaşlığı” üzrə səfiri Vaidotas Verba və Asim Mollazadə məruzə ilə çıxış ediblər. Çıxışlardan sonra müzakirələr başlayıb.

Beynəlxalq konfrans 5 paneldə öz işini davam etdirəcək. Sonuncu paneldə prezident yanında SAM-ın əməkdaşı Kamal Makili-Əliyev çıxış edəcək.

Konfransda Gürcüstan, Türkiyə, Polşa, Ermənistan, Rusiya, Rumıniya və digər ölkələrdən gələn nümayəndə heyəti və beynəlxalq ekspertlər iştirak edir. Tədbirdə Cənubi Qafqazın gələcək inkişaf istiqamətləri - Avropa Birliyi ilə əlaqələr, Cənubi Qafqaz ölkələrinin təhlükəsizliyi, Mərkəzi Avropa-Cənubi Qafqaz əməkdaşlığı, Qara dəniz regionunun gələcəyi, Cənubi Qafqazda ABŞ, Rusiya, Türkiyə, AB və NATO-nun rolu, Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna və Moldova təhlükəsizlik sektorunun islahat perspektivləri ilə bağlı məsələlər müzakirə olunacaq.

A.Mollazadə jurnalistlərə açıqlamasında deyib ki, bu gün öz müstəqilliyini itirən və müəyyən qədər Kalininqrad vilayətinə bənzəyən Ermənistan Cənubi Qafqazın təhlükəsizliyi üçün ən böyük problemlərdən biridir: “Münaqişələr dərhal həll olunmalı, Cənubi Qafqaz ölkələri eyni istiqamətdə və formada inkişaf etməlidir”.

A.Mollazadə Vilnüs sammitindən sonra Azərbaycanın qarşısına qoyduğu məqsədə çatdığını bildirib: “Azərbaycan yeganə ölkədir ki, sammitdə qarşısına qoyduğu məqsədə çatıb və hazırlanan müvafiq sənəd imzalanıb. Perspektivdə Azərbaycan AB-nin iqtisadi sahədə tərəfdaşıdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır, Türkiyə və Gürcüstanla birgə bu istiqamətdə böyük layihələr həyata keçirir. Avropa Azərbaycanın istəyinə düzgün yanaşmalıdır. Bizim istəyimiz məhz münaqişələrin istəyinə dəstək qazanmaq, beynəlxalq hüquqa hörmətdir. Biz dəfələrlə demişik ki, ölkəmiz AB-nin köməyi ilə sosial problemlərini həll edən ölkə deyil. Bu gün biz Avropa ilə mədəniyyət, demokratiya, insan amili dəyərlərini bölüşürük. Ölkəmizin strategiyası məhz insan amilinin inkişafıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR