İranın baş nüvə müzakirəçisi: “Gizli qüvvələr yekun razılaşmanın əldə olunmasını əngəlləməyə çalışır”

İranın baş nüvə müzakirəçisi: “Gizli qüvvələr yekun razılaşmanın əldə olunmasını əngəlləməyə çalışır”
# 08 may 2014 16:14 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasında mayın 13-də başlayacaq danışıqlardan sonrakı müddət müzakirələrin ən çətin dövrü olacaq. Çünki yekun razılaşmanın ilkin mətninin hazırlanması prosesi başlanacaq”.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı Böyük Britaniyanın “The Guardian” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, gizli qüvvələr İranın nüvə proqramı ilə bağlı rəsmi Tehranla Qərb arasında tarixi sazişin yekunlaşmasını əngəlləməyə çalışır: “Bununla belə, İran hələ də iyulun 20-dək yekun razılaşmaya nail olmağın mümkünlüyünə ümid edir. Lakin bir çox maneələr, o cümlədən İranla ABŞ arasındakı uzunmüddətli etimadsızlıq, texniki mövzularla bağlı məsələlər və prosesi öz yolundan çıxarmaq istiqamətində xarici səylər mövcuddur. Mən “militarist” sözündən istifadə etmək istəmirəm, lakin bu şəxslər hələ də regionda gərginlik və böhranın tərəfdarıdırlar”.

A. Əraqçı deyib ki, tərəflər arasında razılıq əldə olunacağı təqdirdə bütün sanksiyalar ləğv olunmalıdır: “Bu öz vəzifələrini yerinə yetirmək üçün onların üzərinə düşür. ABŞ-ın İranda insan haqları və ya bizim uzaqmənzilli raketlərimiz kimi danışıqlarla heç bir əlaqəsi olmayan mövzuları müzakirələrə daxil etmək səyləri yolverilməzdir və bu cür məsələlər müzakirə mövzusu olmamalıdır. Çünki danışıqlar yalnız İranın nüvə məsələsi üzərində təmərküzləşib. Bizim düşüncəmizdə başqa bir mövzu yoxdur. Təbii ki, İran və Avropa iqtisadiyyat, ticarət və enerji sahələrində daha yaxşı əməkdaşlıq edə bilərlər. Bunun üçün lazımi atmosferin mövcud olduğuna da inanırıq”.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri yekun nüvə razılaşmasının qaralama mətninin hazırlanması məqsədilə mayın 14-16-da BMT-nin Vyanadakı qərargahında keçiriləcək. Bu danışıqlar Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin rəhbərliyi altında baş tutacaq. Bundan əvvəl mayın 13-də M.C.Zərif və K.Eşton işgüzar şam yeməyində bir araya gələcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR