Jozef Debono Qrex: “Avropa Şurasında son on ildə nə baş verirsə-versin, ancaq Azərbaycanın adı çəkilir”

Jozef Debono Qrex: “Avropa Şurasında son on ildə nə baş verirsə-versin, ancaq Azərbaycanın adı çəkilir”
# 22 noyabr 2013 16:28 (UTC +04:00)

Vyana. Fuad Qulubəyli - APA. “Mən Robert Valterin həm seçkidən sonrakı bəyanatını, həm də hazırladığı hesabatı tam dəstəkləyirəm. Amma burada xüsusilə bir məsələnin üzərində dayanmaq istərdim. Bu da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə bağlıdır”.

APA-nın Vyanaya ezam olunmuş müxbirinin xəbərinə görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramunt AŞPA Daimi Komitəsinin bu gün Vyanada keçirilmiş toplantısındakı çıxışında deyib.

Həmməruzəçi bildirib ki, bir çox missiyalarda iştirak edib: “Həmişə hansısa problemlərin yaranması normal haldır. Amma bir təşkilat daxilində parlamentarlardan ibarət müşahidə missiyaları bir söz deyir, siyasətçiləri isə tam başqa sözlər dedizdirirlər. Belə məsələlər haqda öncədən düşünmək lazımdır. Bu gün çox az deputat qeyd etdi ki, ATƏT-in parlament hissəsi, təşkilatın digər qurumu olan DTİHB-nin verdiyi qiymətləndirməyə düzəlişlər vermək üçün bəyanatla çıxış edib. Bu da əslində heç Avropa Şurasının da problemi deyil, bu ATƏT-in və DTİHB-nin daxili problemləridir”.

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Jozef Debono Qrex də ingiltərəli deputat Robert Valterin hazırladığı hesabatla razı olduğunu vurğulayıb: “Biz Avropa Şurası olaraq indiyə kimi Azərbaycanda gördüyümüz işlərlə qürur duymalıyıq. Çünki Azərbaycanın Avropa Şurasına 10 ildən çox üzvlüyü ərzində təşkilatın, keçmiş və hazırkı həmməruzəçilərin yardımı ilə, apardığımız dialoq vasitəsilə Azərbaycanı Avropa Şurasının dəyərlərinə yaxınlaşdıra bildik. Mən burada 15 ildir işləyirəm və gördüyüm odur ki, son on ildə nə baş verirsə-versin, bu təşkilatda ancaq Azərbaycanın adı çəkilir. İtaliyada sel, daşqınlar olur, deyirlər Azərbaycan, başqa hansısa hadisə olan kimi, deyirlər Azərbaycan. Bu, doğrudan da məni artıq bezdirib. Bir az dözümlü yanaşın, dostlar! Unutmayın ki, bu ölkə 75 il ərzində kommunist rejimi altında yaşayıb və bu on ildə onlar böyük bir yolu qət ediblər. Biz bu nailiyyətlərlə qürur duymalıyıq. Mən Azərbaycanda çox olmuşam, üç seçki görmüşəm və deyə bilərəm ki, bu sonuncu seçkilər əvvəlkilərindən qat-qat yaxşı keçirildi. Hesab edirəm ki, AŞ-nın tənqidi ilə deyil, məhz yardımı ilə biz yavaş-yavaş Azərbaycanda konstruktiv bir dəyişikliklərə imza atmalıyıq. Nəyə görə? Çünki Azərbaycan AŞ-nın şərtləri ilə AŞ-yə üzv qəbul olunub və bu şərtlərin, öhdəliklərin bir çoxu Azərbaycan hökuməti tərəfindən ciddi qəbul olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR