Xarici universitetlərdə dərs deyən azərbaycanlı professorların vətənə qayıtmasını stimullaşdırmaq üçün tədbirlər görülür

Xarici universitetlərdə dərs deyən azərbaycanlı professorların vətənə qayıtmasını stimullaşdırmaq üçün tədbirlər görülür
# 15 aprel 2014 07:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycan prezidenti tərəfindən təsdiq olunmuş 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsilinə dair Dövlət Proqramı çərçivəsində indiyədək 2612 azərbaycanlı gənc Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə dünyanın tanınmış universitetlərində ali təhsil almağa göndərilib”.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib ki, dövlət vəsaiti hesabına xaricdə təhsil hətta ən zəngin dövlətlər üçün nadir hadisədir. Onun sözlərinə görə, bu gün proqramın məzunu olmuş 634 nəfərin bir qismi müxtəlif dövlət qurumlarında, ali təhsil müəssisələrində və özəl sektorda məsul vəzifələrdə çalışır, bir qismi isə təhsillərini növbəti səviyyədə uğurla davam etdirirlər: “Proqramın icra müddəti növbəti ildə sona çatdığı üçün hazırda tapşırığınızla yeni proqramın layihəsi üzərində iş gedir. Burada prioritet yalnız azərbaycanlı tələbələrin xarici universitetlərə göndərilməsi deyil, göstərişinizə uyğun olaraq, həmçinin xarici mütəxəssislərin elmi-pedaqoji kadrların Azərbaycanın ali təhsil müəssisələrinə cəlb edilməsi olacaq. Eyni zamanda, xarici universitetlərdə dərs deyən azərbaycanlı professorların vətənə qayıtmasını stimullaşdırmaq üçün hazırlıq işi aparılacaq. Bununla bağlı xaricdə çalışan elmi- pedaqoji kadrlarımız haqqında məlumat bazasının yaradılmasına başlanıb”.

Nazir qeyd edib ki, təhsil sektoruna göstərilən qayğı nəticəsində son 10 ildə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb, 2700-dən çox yeni məktəb tikilib, 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşıb.

Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən ötən il 177 təhsil obyektində cari təmir işləri aparılıb, 370 fizika, kimya və biologiya laboratoriyaları müasir avadanlıqla təchiz olunub, 104 əmək kabineti üçün tam avadanlıq dəsti və elementlər alınıb: “Son bir il müddətində Təhsil Nazirliyi üzrə aparılan işlər əvvəlki dövrə nisbətən öz strukturuna, qiymətinə və keyfiyyətinə görə xeyli optimallaşıb. Bunun hesabına məktəblər üçün daha çox miqdarda zəruri avadanlığın alınması mümkün olub. İki Dövlət Proqramının icrası nəticəsində 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşdüyü halda, hazırda hər 18 şagirdə bir kompüter nisbəti təmin olunub, məktəblərin 39 faizi internet şəbəkəsinə qoşulub. Təhsilin infrastrukturu ilə bağlı məsələlərin əhəmiyyətli hissəsi həll olunduğu halda, bu gün ölkənin inkişaf tempinin tələblərinə cavab verən keyfiyyətin artırılması, təhsilin məzmununun yenilənməsi, müəllimlərin peşəkarlığının yüksəlməsi ön plana keçir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR