Lənkəranda Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin anım günü keçirilib - FOTO

Lənkəranda Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin anım günü keçirilib - <span style="color: red;">FOTO
# 08 noyabr 2013 16:49 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Noyabrın 8-də Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin anadan olmasının ildönümü münasibətilə qəhrəmanın adını daşıyan Lənkəran şəhər mədəniyyət və istirahət parkında anım mərasimi keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, mərasimə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) rəsmiləri, təhsil işçiləri, N saylı hərbi hissənin zabit və əsgər heyəti, məktəblilər və ictimaiyyətin nümayəndələri qatılıblar.

Əvvəlcə mərasim iştirakçıları Milli Qəhrəmanın büstünü ziyarət edərək, önünə çiçək dəstələri düzüblər.

Tədbiri Ləj kənd orta məktəbinin direktoru İlkin Yaqubov açaraq, Milli Qəhrəmanın şərəfli həyat və döyüş yolundan danışmaqla, Ə.Əliyevin 1995-ci ilin mart hadisələri zamanı dövlətimizin müstəqilliyi uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətdən və qəhrəmancasına həlak olmasından bəhs edib.

Lənkəran ŞİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tahir Zülfüqarov şəhid olmuş həmvətənlərimizin, o cümlədən Əsgər Əliyevin xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu vurğulayaraq, şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışıb.

Milli Qəhrəmanın məzunu olduğu Haftoni qəsəbə orta məktəbinin direktoru Sevər Ağayeva, rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, Ləj kənd məscidinin axundu, Milli Elmlər Akademiyasının doktorantı Samid Qəmbərov da çıxışlarında Əsgər Əliyevlə bağlı xatirələrini dilə gətiriblər.

Tədbirdə iştirak edən məktəblilər qəhrəmanlıq mövzusunda şeirlər ifa ediblər. Sonda Milli Qəhrəmanın atası Hacı Ələkbər Əliyev övladının Vətən uğrunda şəhid olmasından qürur hissi keçirdiyini bildirərək, Əsgər Əliyevin xatirəsinin daim əziz tutulduğu üçün minnətdarlıq duyğularını söyləyib, oğluna həsr etdiyi şeiri oxuyub.

Qeyd edək ki, Əsgər Əliyev 8 noyabr 1974-cü ildə Lənkəranın Ləj kəndində doğulub. 1982-1992-ci illərdə orta təhsil alıb. Daha sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank-artilleriya fakültəsinin tələbəsi olub. 1995-ci il martın 17-də Bakıda dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı 4 yaralını xilas edərkən aldığı iki güllə yarasından dünyasını dəyişib. Doğulduğu kəndin qəbiristanlığında dəfn olunub. Azərbaycan prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ə.Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR