Azərbaycan və SECO kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və SECO kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirir
# 31 oktyabr 2013 15:08 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov xanım Martina Şvabın başçılıq etdiyi İsveçrə İqtisadi Əməkdaşlıq Təşkilatının (SECO) nümayəndə heyətini qəbul edib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə əsasən Nazirlik ilə SECO arasında əməkdaşlığın mümkün potensial sahələri və onların gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, tərəflər arasında bu sahədə göstərilən səylərin bundan sonra da davam etdirilməsi barədə razılığa gəlinib.

Hər iki tərəfdən əməkdaşlığın əsas prioritet sahələri kimi kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılması, müvafiq normativ bazanın formalaşdırılması, maliyyə xidmətlərinin dairəsinin genişləndirilməsi, fermerlərə və kənd təsərrüfatı sahəsində ayrı-ayrı peşə sahiblərinə praktik təlimlərin keçirilməsi, habelə tələbata görə xidmətlərin göstərilməsi (müvafiq araşdırmaların aparılması, zəruri islahatların həyata keçirilməsinə dəstək göstərilməsi və s.) müəyyən edilib. Eyni zamanda, ümumilikdə yumşaq komponentlər üzrə SECO-nun Azərbaycanla bağlı portfelinə dair ətraflı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR