Bakıda İƏT-in Bərpa Olunan Enerji Mənbələri üzrə Ekspertlər Qrupunun iclası davam edir

Bakıda İƏT-in Bərpa Olunan Enerji Mənbələri üzrə Ekspertlər Qrupunun iclası davam edir
# 21 noyabr 2013 07:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Bərpa Olunan Enerji Mənbələri (BOEM) üzrə Ekspertlər Qrupunun II iclası bu gün işini davam etdirib.

APA-Economics”in məlumatına görə, iclasda nümayəndə heyətləri tərəfindən Ekspertlər Qrupunun birinci iclasından sonra əldə olunmuş inkişaf, həmçinin öz ölkələrində BOEM sahəsində, xüsusilə də energetika sahəsində əməkdaşlıq haqqında İƏT-in Tədbirlər Planının (2011-2015-ci illər üzrə) tətbiqi ilə bağlı görülmüş işlər barədə müzakirələr dinlənilib, qarşıda duran vəzifələr barədə müzakirələr aparılıb.


Tədbirdə Əfqanıstan, İran, Türkiyə, Qırğızıstan, Pakistan, Tacikistan və digər üzv ölkələrin nümayəndələri iştirak edir. Tədbir çərçivəsində onlar BOEM sahəsində milli siyasət, regional təsiri olan layihə və proqramlar barədə informasiya verib, investisiyaların təşviqi, texnologiyaların inkişafı üzrə təcrübələr və enerji səmərəliyi layihələri, müvafiq qurumlar, beynəlxalq təşkilatlar arasında əməkdaşlıq şəbəkəsinin yaradılması, əlaqələrin gücləndirilməsinə dair digər məsələlərə baxılacaq. Həmçinin növbəti iclasın tarixi və yeni yeri müəyyən ediləcək.


Tədbir çərçivəsində xarici ölkə nümayəndələrinin Sumqayıtdakı “Azguntex” PV modulları zavodu, Sumqayıt Texnologiyalar Parkı, Qobustan Eksperimental Poliqonu və Təlim Mərkəzinə səfəri və tanışlığı baş tutacaq.


Xatırladaq ki, İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. İƏT-in kənd təsərrüfatı sahəsi, sənaye əməkdaşlığı, nəqliyyat və rabitə, infrastruktur və ictimai işlər, elm, təhsil və mədəniyyət, energetika, narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR