Macar memar 1975-ci ildə Qız qalasının yaxınlığından götürüb apardığı naxışlı daş parçasını Azərbaycana qaytarıb - FOTO

Macar memar 1975-ci ildə Qız qalasının yaxınlığından götürüb apardığı naxışlı daş parçasını Azərbaycana qaytarıb - <span style="color: red;">FOTO
# 06 iyun 2014 16:44 (UTC +04:00)

Bakı – APA. Macarıstanlı memar Laslo Varadi 1975-ci ildə turist kimi Bakıda olarkən Qız qalasının yaxınlığındakı naxışlı bir daş parçası diqqətini cəlb edib. O zaman heç bir nəzarət olmadığından həmin daş parçasını asanlıqla özü ilə Macarıstana gətirib. Son qırx ilə yaxın müddət ərzində Bakıdan gətirilmiş daş Budapeştdəki bir sıra maraqlı layihələrin müəllifi olan macar memarının ofisini bəzəyib.

Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu yaxınlarda İçərişəhərin qoruq elan edildiyini və onun simasının tamamilə dəyişdiyini öyrənən Laslo Varadi Budapeştdəki səfirliyə gələrək qədim memarlıq abidəsinin bir parçası olan həmin daşı həqiqi sahiblərinə qaytarmağı qərara alıb. Səfir Vilayət Quliyevlə görüş zamanı macar memar Bakının öz zəngin arxitekturası ilə dünyanın təkrarsız şəhərlərindən biri olduğunu bildirib. Uzun illər şəxsi kolleksiyasında saxladığı qədim daş parçasına gəldikdə isə, Laslo Varadinin fikrincə, o, vaxtı ilə çox güman ki, hansısa qapının portal hissəsini bəzəyib. Səfirlik qəribə təsadüf nəticəsində Azərbaycandan Macarıstana səyahət edən yazılı daş parçasını İçərişəhər qoruğuna göndərməyi qərara alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR