Azərbaycanda nəzarət markası ilə markalanmalı olan mallar, məmulatlar və məlumat materiallarının siyahısı müəyyənləşib

Azərbaycanda nəzarət markası ilə markalanmalı olan mallar, məmulatlar və məlumat materiallarının siyahısı müəyyənləşib
# 25 iyun 2014 07:34 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə aparmaq üçün “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları” təsdiqlənib.

APA-nın verdiyi məlumata görə, Qaydaya əsasən nəzarət markası ilə markalanmalı olan Azərbaycan ərazisində hazırlanan (istehsal edilən) və Azərbaycan ərazisinə idxal edilən mallar, məmulatlar və məlumat materiallarının siyahısı müəyyənləşib.

Bura dərman vasitələri, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələri, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları daxildir. Nəzarət markası dərman vasitələrinə münasibətdə Səhiyyə Nazirliyi, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə münasibətdə Müəllif Hüquqları Agentliyi, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən verilir. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektləri olan dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların nüsxələrinə ilkin olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən, daha sonra isə Müəllif Hüquqları Agentliyindən alınan nəzarət markası yapışdırılır. Ümumi təhsil müəssisələrinin (ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr) I-XI sinif şagirdlərinə pulsuz paylanan dərsliklərə, təhsil və elmi tədqiqat müəssisələrinə, dövlət orqanlarına, respublika, rayon (şəhər), qəsəbə və kənd kitabxanalarına, diaspor təşkilatlarına və Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinə (nümayəndəliklərinə) pulsuz paylanan və nəşri dövlət büdcəsindən maliyyələşdirilən nüsxələrə yapışdırılan nəzarət markalarının üzərində “qeyri-kommersiya” sözlərinin baş hərfləri - QK yazılır.

Azərbaycan ərazisinə idxal edilən nəzarət markası ilə markalanmalı olan mallara, məmulatlara və məlumat materiallarına nəzarət markası gömrük rəsmiləşdirilməsi başa çatdırıldıqdan sonra yapışdırılır. Nəzarət markası yapışdırılarkən, onun əzilməsinə yol verilməməli, rekvizitləri və malın üzərindəki məlumatlar (adı, etibarlılıq müddəti, istifadə qaydaları və s.) aydın oxunmalıdır. Nəzarət markası qablaşmanın içindəkilərin sayından asılı olmayaraq, nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının üzərinə bir ədəd olmaqla yapışdırılır. Nəzarət markası audiovizual əsər və fonoqram nüsxələrinin üz qabığında yuxarıdan ortada, kompüter proqramının və məlumat toplusunun nüsxələrinin üz qabığında hüquq sahibinin adının qarşısında, kağız daşıyıcıda olan kitab nüsxəsinin üz qabığının arxa hissəsində aşağıdan ortada, elektron daşıyıcıda olan kitab nüsxəsinin üz qabığında naşirin adından sonra yapışdırılır. Nüsxələrin nümunəsinin (“siqnal nüsxə”nin) üz qabığında (titul vərəqində) əsərin və ya fonoqram istehsalçısının (naşirin) adı, hüquqi ünvanı, elektron poçt ünvanı (olduğu təqdirdə), əlaqə telefonları, müəlliflərin, ifaçıların, o cümlədən audiovizual əsərdə baş rolların ifaçılarının siyahısı, hüquq sahibləri, nüsxələrin hazırlandığı (istehsal edildiyi) yer (ölkə (şəhər) və tarix, istifadəyə verilən əmlak hüquqları, istifadənin məzmunu, müddəti, ərazisi barədə məlumatlar qeyd edilməlidir. Təqdim olunan nüsxə uçota alınır və Müəllif Hüquqları Agentliyində saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR