Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının regional mərkəzləri yaradılacaq - FOTO

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının regional mərkəzləri yaradılacaq - <span style="color: red;">FOTO
# 05 fevral 2014 09:21 (UTC +04:00)

Bakı - APA. İstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Təmas qrupunun toplantısı öz işini davam etdirir.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, toplantıda dünyanın müxtəlif regionlarında qurulması nəzərdə tutulmuş Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının ortaq mərkəzlərinin Əsasnamə layihəsi ilə bağlı rəy və təkliflər ətrafında müzakirələr aparılıb.

Layihədə yaradılacaq mərkəzlərin əsas fəaliyyət istiqamətləri, türkdilli xalqların diasporları arasında əməkdaşlığın genişləndirilməsi prinsipləri, türkdilli xalqların mənafelərinin qorunması sahəsində fəaliyyət mexanizmləri ilə bağlı müddəalar öz əksini tapıb. Əsasnamə təhsil, mədəniyyət, ortaq dəyərlərin qorunması və təbliği, lobbi quruculuğu, diasporların ictimai-siyasi proseslərdə iştirakı ilə bağlı türkdilli xalqların diasporlarının birgə fəaliyyətinin əsas istiqamətləri kimi müəyyən edilib.

Qeyd edək ki, Azərbaycan, türk, qazax və qırğız diaspor təşkilatlarını təmsil edəcək bu mərkəzlərin fəaliyyətinin əlaqələndirilməsinin Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası tərəfindən həyata keçirilməsi nəzərdə tutulub. Əsasnaməyə görə, regional mərkəzlərin fəaliyyət göstərdiyi ölkələrdəki Azərbaycan, türk, qazax və qırğız diaspor təşkilatlarının hər birindən iki nümayəndə təmsil olunacaq.

Daha sonra xarici ölkələrdə yaşayan türkdilli gənclərin diaspor quruculuğu sahəsində fəaliyyətini koordinasiya etmək məqsədilə qurulacaq Gənclər Komissiyası ilə bağlı müzakirələr aparılıb. Qərara alınıb ki, bu barədə təmas qrupunda təmsil olunan Azərbaycan nümayəndələrinin hazırlayacağı təkliflər paketi Türkiyə təmsilçilərinin də rəyi nəzərə alınmaqla növbəti toplantıda müzakirəyə çıxarılsın.

“Həftəsonu” məktəblərinin yaradılması ilə bağlı Azərbaycanın təcrübəsinin digər türkdilli ölkələr tərəfindən də tətbiq edilməsi tövsiyə olunub. İclasda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının regional mərkəzlərinin ilkin mərhələdə ABŞ, Fransa, Almaniya və Ukraynada qurulması barədə razılığa gəlinib.

Sonda iclasın yekun protokolu müzakirə olunub və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi tərəfindən təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR