Mirmahmud Mirəlioğlu: “Milli Şuranın taleyinin müzakirə edilməsi zamanı yetişib” - MÜSAHİBƏ

Mirmahmud Mirəlioğlu: “Milli Şuranın taleyinin müzakirə edilməsi zamanı yetişib” - <span style="color: red;">MÜSAHİBƏ
# 09 noyabr 2013 08:59 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, Milli Şuranın üzvü Mirmahmud Mirəlioğlunun APA-ya müsahibəsi

- Milli Şurada həmsədrlik institutunun yaradılması, Cəmil Həmənlinin həmsədr olması, yaxud partiya sədrlərinin həmsədr statusunda təmsil olunması ideyalarına münasibətiniz necədir?

- Milli Şuranın daxilində həmsədrlik, struktur dəyişikliyi, qurumun gücləndirilməsi məsələləri müzakirə olunarsa, biz fikrimizi deyəcəyik. Mən hesab edirəm ki, bu məsələlər ictimai müzakirədən öncə heç olmasa Milli Şuranın özündə də müzakirə aparılmalıdır. Qurumun özündə belə müzakirə getməyib.

- Milli Şuranın bu yaxınlarda toplantısı olmayıb?

- Olub, mən o toplantıda iştirak etməmişəm. Bu məsələdə fərqli mövqelər ola bilər. Ona görə də həmsədrlik, struktur dəyişikliyi məsələlərinə hələ mövqe bildirmirəm.

- Milli Şurada məşvərət orqanının yaradılması məsələsi ilə bağlı qurumun sədri Rüstəm İbrahimbəyov, İcra Aparatının rəhbəri Eldar Namazov da daxil olmaqla, bir çoxları danışıb. Məsələn, Rüstəm İbrahimbəyov Milli Şurada belə bir qurumun yaradılmasına qarşı çıxıb...

- Biz hələ prezident seçkilərindən əvvəl Milli Şura sədrinin yanında adı Məşvərət Məclisi, Məşvərət Şurası, yaxud İdarə Heyəti tipli bir qurum yaradılmasını təklif etmişdik. Bizim təkliflərimizə indi reaksiyalar var. İstəsək də, istəməsək də, Milli Şura yaşayacaqsa, belə bir məsləhətləşmə qurumu da olmalıdır. Rüstəm İbrahimbəyovun mövqeyi də doğrudur, çünki o, Azərbaycanda olmaya-olmaya belə bir qurumun yaradılmasına “hə” desə başqa, “yox” desə, tamam fərqli fikir yaranacaq. Ona görə də Rüstəm İbrahimbəyov bu məsələ ilə bağlı mövqeyini demək olar ki, dürüst müəyyənləşdirib. Məncə, Rüstəm İbrahimbəyov özü Azərbaycanda olsaydı, tamam fərqli mövqedə olacaqdı.

- Yəni Rüstəm İbrahimbəyovun Milli Şurada məşvərət orqanının yaradılmasına qarşı çıxması onun nöqteyi-nəzərindən düzgün idi?

- Məşvərət qurumunun olub-olmaması müzakirə mövzusudur, amma onu reallaşdırmaq məsələsinə gəlincə, Rüstəm İbrahimbəyov məsafəcə uzaqdadır. Ona görə də Rüstəm İbrahimbəyovun mövqeyi özünün vəziyyəti baxımından doğrudur, amma biz hesab edirik ki, bu, düzgün deyil, real vəziyyətə adekvat deyil. Biz də kənarda olsaq, məsələyə o cür münasibət bildirməliyik.

- Rüstəm İbarhimbəyovun Milli Şurada yaradılacaq məşvərət orqanının qurumdakı qüvvələr nisbətini, palitranı əks etdirməyəcəyi yönündə arqumentini nə dərəcədə əsaslı sayırsınız?

- Məşvərət orqanı Milli Şura sədrinin yanında yaradılmalıdır. Bizim də təklifimiz o idi, sədrin yanında məsləhətləşmək üçün Məşvərət Şurası yaradılsın. Mən hesab edirəm ki, bu məsələni müzakirə etmək lazımdır. Digər tərəfdən, bəlkə də Milli Şuranın özünün taleyi barədə daha ciddi fikirləşmək lazımdır.

- Milli Şurada həmsədrlik institutunun, məşvərət orqanının yaradılıb-yaradılmaması ətrafında mübahisələr genişlənsə, qurumun taleyi şübhə altına düşmürmü?

- Bu məsələ Milli Şuranın sessiyasında müzakirə olunmalı və son qərar qəbul edilməlidir. Əslində bu məsələ çoxdan müzakirə olunmalı idi. Sadəcə, şərait, fərqli fikirlər vardı. Ola bilər ki, Milli Şuranın taleyinin müzakirə edilməsi zamanı yetişib. Məncə, Milli Şuranın növbəti sessiyası bu məsələlərə mütləq və mütləq münasibət bildirməlidir. Yəni məsələni ya müzakirəyə qəbul etməli, ya da müzakirədən çıxarmalıdır.

- Söhbət Milli Şuranın taleyindən gedir?

- Təbii.

- Deməli, sessiyada müzakirələrin nəticəsi olaraq Milli Şura buraxıla da bilər?

- Onu deyə bilmərəm və o qənaətdə də deyiləm. Amma istənilən məsələ mümkündür.

- KXCP bundan sonrakı dönəmdə fəaliyyət proqramını müəyyənləşdiribmi, yaxud nə vaxt müəyyənləşdirəcək?

- Gələn həftə KXCP Ali Məclisinin sessiyası olacaq, 2014-cü ilin fəaliyyət istiqamətləri təsdiqlənəcək.

- Ali Məclisdə KXCP sədrinin, üzvlərinin Milli Şuranın bundan sonrakı dönəmdə fəaliyyətində iştirakı da müzakirə olunacaqmı?

- KXCP sədrinin, üzvlərinin Milli Şuranın bundan sonrakı dönəmdə fəaliyyətində iştirakı Ali Məclisdə müzakirə mövzusu kimi nəzərdə tutulmayıb, amma kimsə bunu dilə gətirə bilər. KXCP kifayət qədər dinamik, demokratik bir təşkilatdır. Elə fikirlər səsləndirilə bilər. Ancaq bizim gündəliyimizdə, fikrimizdə belə bir məsələ yoxdur. Milli Şura ilə bağlı məsələni Ali Məclis yox, KXCP-nin İdarə Heyəti həll edir. Bu, İdarə Heyətində həll edilməsi mümkün olan məsələlərdir.

- Partiyanız prezident seçkilərinin arxada qaldığı qənaətindən çıxış edəcək, yoxsa…

- 2014-cü ildə partiyanın bələdiyyə seçkilərində iştirakı nəzərdə tutulub. Həyat davam edir. Növbəti addımlar, növbəti mərhələlər var. Bəli, prezident seçkiləri arxada qaldı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR