Azərbaycan bu il kənd təsərrüfatı istehsalını 5% artırıb

Azərbaycan bu il kənd təsərrüfatı istehsalını 5% artırıb
# 18 oktyabr 2013 13:54 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda kənd təsərrüfatı sahəsində istehsalın artımı qeydə alınıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, dənli bitkilər səpilmiş sahələrdən qarğıdalı da daxil olmaqla, oktyabrın 1-nə kimi 2 897,6 min ton məhsul götürülüb. Orta hesabla hər hektarın məhsuldarlığı 0,3 sentner artaraq 27,3 sentner olub.

Məlumata görə, oktyabrın 1-nə kimi tarlalardan 983,8 min ton kartof, 1 137,8 min ton tərəvəz, 530,1 min ton meyvə və giləmeyvə, 427,4 min ton bostan məhsulları, 104,3 min ton üzüm, 6,8 min ton pambıq, 474,5 ton yaşıl çay yarpağı, 2 667 ton tütün, 34,6 min ton şəkər çuğunduru, 17,7 min ton dən üçün günəbaxan toplanıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə dənli bitkilərin istehsalı 4,9%, kartof istehsalı 3,8%, tərəvəz istehsalı 0,1%, meyvə və giləmeyvə istehsalı 2,6%, bostan məhsulları istehsalı 0,7%, üzüm istehsalı 5% artıb.

İribuynuzlu mal-qaranın baş sayı 2 728,7 min başa, qoyun və keçilərin baş sayı isə 8 770,9 min başa çatıb, bu dövrdə 358,1 min ton diri çəkidə ət, 1 385,5 min ton süd, 1 043,4 mln. ədəd yumurta, 16,3 min ton yun istehsal olub. 2012-ci ilin yanvar-sentyabr aylarına nisbətən ət istehsalı 3,8%, süd istehsalı 6,6%, yumurta istehsalı 15,1%, yun istehsalı 2,8% artıb.

Beləliklə, dəyər ifadəsində bitkiçilik məhsulları istehsalı mövsümlük nəzərə alınmaqla, ötən ilki səviyyədən 4,3%, heyvandarlıq məhsulları istehsalı 5,5%, kənd təsərrüfatının ümumi məhsulu isə 4,9% yüksək olub.

Kənd əməkçiləri gələn ilin məhsulu üçün 541,9 min hektar sahənin torpağını şumlayıb, 39,2 min hektar sahədə dən üçün payızlıq bitkilər səpiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR