Azərbaycanda aqrar sahənin sığortalanması mexanizmləri dəyişir

Azərbaycanda aqrar sahənin sığortalanması mexanizmləri dəyişir
# 19 iyun 2014 13:46 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycanda aqrar sahənin sığortalanması mexanizmləri dəyişəcək.

Bu barədə Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəisi Namiq Xəlilov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda hökumət kənd təsərrüfatı sığortasının dövlətin dəstəyi ilə inkişaf etdirilməsinə çalışır: “Bununla bağlı qanun layihəsi hazırlanıb və indi bu layihəyə müvafiq dövlət orqanlarında baxılmaqdadır. Bundan sonra layihə müzakirəyə çıxarılacaq”.

N.Xəlilovun sözlərinə görə, layihədə kənd təsərrüfatı sığortasına dövlət dəstəyi mexanizmlərinin dəyişdirilməsi nəzərdə tutulub: “Qanun layihəsinin hazırlanmasında beynəlxalq praktikada olan bəzi modellərdən istifadə edilib. Yəni, burada risk daşıyıcısı sığorta şirkətləri deyil, xüsusi yaradılacaq fonddur. Bu fond sığorta hadisələri baş verdikdə kompensasiyaları ödəyəcək”.

Xidmət rəisi deyib ki, hazırda kənd təsərrüfatı sığortasının zəif inkişaf etməsinin əsas səbəbi heç də bu sahəyə marağın olmaması deyil, burda əsas səbəblərdən biri sığorta şirkətləri tərəfindən təklifin olmamasıdır: “Bizdə yalnız 1-2 sığorta şirkəti bununla məşğul olur ki, bu da məqsədəuyğun deyil. Belə vəziyyət onunla bağlıdır ki, aqrar sahədə sığortanın risk səviyyəsi yüksək qəbul olunur. Beynəlxalq təkrarsığorta bazarında da belə qəbul olunur və kənd təsərrüfatı sığortasına təkrarsığorta təminatı almaq çətindir və kifayət qədər bahadır. Ona görə də, sığorta şirkətləri buna maraq göstərmirlər. Təklif olunan qanun layihəsində risk məsələsi sığorta şirkətlərinin üzərinə düşmür, onlar yalnız sığorta məhsullarının təsərrüfat sahiblərinə çatdırılması ilə məşğul olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR