Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi yaradılır

Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi yaradılır
# 17 mart 2014 12:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzi yaradılır.

APA-nın xəbərinə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimov Beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısında çıxışı zamanı məlumat verib.

O bildirib ki, əmək mərkəzi ötən il Bakı şəhərində keçirilən İƏT-in əmək nazirlərinin görüşünün yekunu olaraq yaradılıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mərkəzin konsepsiya layihəsi hazırlanıb. Konsepsiyada bir çox məsələlərin əks olunduğunu deyən nazir müavini vurğulayıb ki, mərkəzin yaradılması bütün İƏT ölkələri arasında birliyi daha da möhkəmləndirəcək: “Konsepsiyada qeyd olunub ki, qlobal maliyyə böhranı nəticəsində İƏT ölkələrinin əmək mərkəzlərinə mənfi təsirlər olub, çoxlu iş yerləri bağlanıb. Üzv ölkələrin əmək bazarının təkmilləşdirilməsinə ehtiyac var. Bütün bu məsələlərdə üzv ölkələrdə əməkdaşlığın təşkili məqsədilə əmək mərkəzinin yaradılması təklif olunur. Konsepsiyaya görə əmək mərkəzinin bir sıra məqsədləri mövcuddur. Bunlardan birincisi məşğulluq və əmək sahəsində əsas aparıcı prinsiplərin təşviq olunması, layiqli dayanıqlı müdafiə sistemlərinin yaradılmasıdır. Digər məqsədlərə isə İƏT strukturları arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əlaqələndirmə funksiyasını yerinə yetirmək, İƏT-in digər əmək sahəsi üzrə fəaliyyət göstərən təşkilatlarla, o cümlədən Beynəlxalq Əmək Təşkilatı ilə fəaliyyəti əlaqələndirməkdir”.

Mərkəzin statusuna gəlincə, nazir müavini qeyd edib ki, əmək mərkəzinin İƏT ixtisaslaşmış qurumu kimi təsis olunması təklif oluna bilər: “Bu o deməkdir ki, İƏT-in bütün üzvləri bu təşkilata da üzv ola bilər. Bu mərkəz Bakı şəhərində yerləşəcək və mərkəzə 3 il müddətində seçiləcək baş katib sədrlik edəcək. Bu mərkəzin yaradılması İƏT üzvləri arasında regional əməkdaşlığı daha da gücləndirəcək, üzv ölkələr arasında qabaqcıl ideyalar və innovativ yanaşmaların yayılmasını sürətləndirəcək. Bundan başqa, həmin ölkələrdə beynəlxalq standartların tətbiq olunmasına təkan verəcək, əmək və məşğulluq, sosial müdafiə sahəsində tərəfdaşlıq məsələlərində səmərəli və ümumi təhlili təmin edəcək. Belə bir mərkəzin yaradılması gələcəkdə Bakı şəhərinin regional diplomat paytaxt kimi inkişaf etməsinə öz töhfəsini verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR