Rusiyalı politoloq: “Ukrayna MDB-dən çıxacaq”

Rusiyalı politoloq: “Ukrayna MDB-dən çıxacaq”
# 02 aprel 2014 16:30 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Ukraynanın MDB-dən getməsi təşkilat tarixində ən böyük mənfi fakt olacaq. Çünki Ukrayna MDB-nin təkcə üzvü deyil, həm də bu təşkilatın əsasını qoyan üç ölkədən biridir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu RİA “Novosti” Beynəlxalq İnformasiya Agentliyində keçirilən “MDB-nin gələcəyi: Ukrayna ilə və ya Ukraynasız" adlı Moksva-İrəvan-Astana-Kiyev videokörpüsündə çıxış edən rusiyalı politoloq , Ali İqtisad Məktəbinin dünya iqtisadiyyatı və dünya siyasəti fakültəsinin dekanı Andrey Suzdaltsev deyib.

O, Ukraynanın MDB-dən gedəcəyini bildirib: “Artıq bu barədə Ukraynanın dövlət rəsmiləri tərəfindən bəyanat səslənib. Hazırda rəsmi Kiyev Avropa Birliyinə istiqamətlənib. Ukraynanın MDB-dən getməsi təkcə təşkilatdan getmək anlamına gəlmir. Bu, ümumilikdə regiondan getmək deməkdir. Ukrayna Avropa ailəsinin üzvü olacaq. Bu, MDB məkanında baş verən çox ciddi bir prosesdir”.

“Ukraynanın MDB-dən çıxacağı haqda bəyanatı artıq ölkənin 1,5 mlrd. avro itirməsinə səbəb olub. Ukrayna MDB-dən çıxarsa, daha 9 milyard avro itirəcək". Bunu isə çıxışında Rusiya Elmlər Akademiyası Avropa İnstitutunun MDB ölkələri strateji inkişaf Mərkəzinin sədri Aleksandr Qusev deyib.

Onun sözlərinə görə, MDB dövlətləri arasında azad iqtisadi zonalar var ki, Ukrayna bu zonalardan istifadə edə bilməyəcək, nəticə etibarilə təkcə gömrük tariflərinə görə 9 milyard avro itirəcək: “Ukrayna istehsal etdiyi kənd təsərrüfatı məhsullarının 50 faizini Rusiyada reallaşdırır. Bundan sonra Ukrayna üçün Rusiya bazarı bağlanacaq. Ölkənin şərq vilayətlərində isə kütləvi işsizlik baş verəcək, çünki şərqi Ukraynanın əsas bazarı Rusiyadır”.

A. Qusev Ukrayna MDB-dən çıxdığı təqdirdə, Rusiya və Qazaxıstanın da itkilərindən danışıb: “Ukrayna MDB-dən çıxarsa Rusiya 2.5 mlrd., Qazaxıstan isə 1 mlrd. avro itirəcək”.

Politoloqun fikrincə, 2,5 mlrd. avro, nəhəng Rusiya iqtisadiyyatı üçün böyük itki deyil.

Qazaxıstanlı politoloq Qalım Baytuk isə Ukraynanın MDB-dən çıxmasının təşkilat üçün faciə olmadığını bildirib: “MDB-ni vaxtilə tərk edən ölkələr olub. Təşkilat isə fəaliyyətini davam etdirib. Götürək Qazaxıstan-Ukrayna əlaqələrini... Əgər Ukrayna MDB-dən çıxsa, Qazaxıstan və Ukrayna biznes strukturları onsuz da dil tapacaq. Eyni ilə digər MDB ölkələri ilə ikitərəfli əlaqələr davam edəcək. Ona görə də, Ukraynanın MDB-dən çıxması ətrafında təşviş yaratmaq lazım deyil”.

Ukraynalı politoloq, “Ekspertnıy Sovet” Analitik Mərkəzinin direktoru İsgəndər Xisamov isə Ukraynanın MDB-dən çıxmasının ölkə üçün iqtisadi cəhətdən ağır olacağını söyləyib: “İqtisadiyyat çökəcək. Ukraynanın MDB-dən çıxması, onun Azad İqtisadi Zonadan çıxması deməkdir. Bu isə Ukrayna məhsullarının əsas alıcısı olan Rusiyanın bazarlarının Ukraynanın üzünə bağlanması anlamına gəlir. Təbii ki, hazırkı Ukrayna rəhbərliyi bütün bunları nəzərə alıb. Çünki rəsmi Kiyev üçün siyasi dəlillər iqtisadi dəlilərdən daha üstündür”.

İ. Xisamov bildirib ki, Rusiyanın Ukraynaya qarşı münasibəti rəsmi Moskva üçün də ağır nəticələnəcək: “Krımın Ukraynadan qoparılması, Ukraynada anti-rus əhval-ruhiyyəni gücləndirəcək, Rusiya daha böyük Latviya ilə üz-üzə gələcək”.

Qeyd edək ki, aprelin 4-də Moskvada MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək.

İclasda Ukraynanın MDB ilə münasibətini yekun olaraq elan edəcəyi gözlənilir.

Görüşdə Ukrayna nümayəndə heyətinin xarici işlər naziri yox, səfir səviyyəsində təmsil olunacağı isə artıq rəsmi Kiyevin təşkilata münasibətinin göstəricisi kimi qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR