Azərbaycanda daha 25 hərbçiyə dövlət hesabına mənzil veriləcək

Azərbaycanda daha 25 hərbçiyə dövlət hesabına mənzil veriləcək
# 10 oktyabr 2013 09:35 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş daha 25 nəfər hərbi qulluqçunun mənzillə təmin olunması ilə bağlı qərar qəbul edilib. Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Qarşıda qoyulan vəzifələrin icra vəziyyəti barədə danışan Komissiyanın sədri, maliyyə naziri Samir Şərifov bildirib ki, müvafiq meyarlara uyğun olan hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesi uğurla davam edir, Komissiyanın mütəmadi olaraq keçirilən iclaslarında 20 təqvim ilini dolduran və fərmanla müəyyənləşdirilmiş meyarlara cavab verən hərbi qulluqçular mənzil növbəsinə qəbul olunurlar.

Qeyd olunub ki, Komissiyanın qəbul etdiyi qərarlarda müvafiq meyarlara cavab verməklə döyüş bölgəsində xidmət etmiş və döyüşlərdə yaralanmış hərbçilər ilk növbədə nəzərə alınır.

İclasda Komissiya tərəfindən mənzil növbəsinə qəbul olunmuş hərbi qulluqçulardan 25 nəfərin dövlət vəsaiti hesabına Bakı və Naxçıvan şəhərlərində mənzillə təmin olunmasına dair qərar qəbul edilib.

Bununla da, bu günə qədər Komissiya tərəfindən 462 nəfər hərbi qulluqçunun Bakı şəhəri daxil olmaqla respublikanın müxtəlif regionlarında mənzillə təmin olunması ilə bağlı qərarlar qəbul edilib və artıq müvafiq mənzillər 213 hərbi qulluqçunun mülkiyyətinə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR