Avropa ölkələrinin Penitensiar Xidmət rəhbərlərinin 18-ci növbəti konfransı keçirilib

Avropa ölkələrinin Penitensiar Xidmət rəhbərlərinin 18-ci növbəti konfransı keçirilib
# 03 dekabr 2013 10:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Belçikanın paytaxtı Brüssel şəhərində Avropa ölkələrinin Penitensiar xidmət rəhbərlərinin 18-ci növbəti konfransı keçirilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, konfransda ölkəmizi ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.


Avropa Şurasının Hüquqi İşlər Departamentinin təşəbbüsü, Belçika Federal Ədliyyə Nazirliyinin və Belçika Həbsxana Xidmətinin dəstəyi ilə təşkil olunmuş 47 ölkənin nümayəndələrinin iştirak etdiyi konfransın əsas məqsədi Avropa ölkələrinin Həbsxana və Probasiya xidmətləri nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmət üzrə mövcud problemlərin müzakirəsi, müsbət təcrübənin və iş metodlarının mübadiləsi, Avropa standartlarının tətbiqi, cəzadan azad olunma və cəmiyyətə inteqrasiyaya dair istiqamətlərin müəyyənləşdirilməsi olub.


“Cəzaların icra olunması” mövzusunda keçirilən konfransda İnsan hüquq və azadlıqlarına dair Avropa konvensiyası və digər beynəlxalq sənədlərin normaları, cəzadan azad olunan şəxslərin sosial adaptasiyası, əcnəbi vətəndaşlığı olan məhkumlarla münasibətlərin tənzimlənməsi, habelə Probasiya Xidmətinin təşkili ilə bağlı ümumi tövsiyələr müzakirə edilib. Qeyd olunan məsələlərlə əlaqədar Cinayətkarlıq problemləri üzrə Avropa Komitəsinin (CDPC) və penaloji əməkdaşlıq üzrə Şuranın (PC-CP) tövsiyələri ətrafında fikir mübadilələri aparılıb.


Konfransda qaldırılan məsələlərlə bağlı Azərbaycanın penitensiar sistemində həyata keçirilmiş tədbirlər barədə Mədət Quliyev iştirakçıları məlumatlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR