Türkiyədə yaşayan məşhur azərbaycanlı tarzən: “Azərbaycanda neft bitər, musiqi sənəti bitməz” - MÜSAHİBƏ

Türkiyədə yaşayan məşhur azərbaycanlı tarzən: “Azərbaycanda neft bitər, musiqi sənəti bitməz” - <span style="color: red;">MÜSAHİBƏ
# 12 noyabr 2013 07:36 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Tanınmış tar ustası, Türkiyə Mədəniyyət Nazirliyinin əməkdaşı Abdulla Qurbaninin APA-ya müsahibəsi

- Ailəniz Azərbaycana İrandan nə zaman gəlmişdi?

- Biz Bakıya 1966-cı ildə gəlmişik. Anamın atası mərhum Bəhmən Həsənov Azərbaycanın məşhur tarzənlərindən olub. Anam İçərişəhərdəndir. Musiqiyə başlamağımın səbəbkarı Bəhmən babamdır. Lənkəranda yaşayırdı. Biz 5 qardaş idik, Bəhmən babam Bakıya gələndə, hər halda məni gözü tutdu ki, tarı mənə uzatdı, o vaxtdan bəri tar əlimdən düşməyib. Rəhmətlik qardaşım Yədulla ilə məni 1 nömrəli internat məktəbinə qoydular. Orada Türkiyə adlı müəlliməmiz vardı, əgər yaşayırsa, Allah ona uzun ömür versin, vəfat edibsə, Allahdan rəhmət diləyirəm. O vaxt bizə maraqlı gəlmişdi ki, müəlliməmizin adı niyə Türkiyədir? Bizə Azərbaycanca yazıb-oxumağı öyrətdi. Məktəbdə Vidadi müəllim bizə tar çalmağı öyrətdi. 8 nömrəli musiqi məktəbində Azər müəllim bizə dərs verdi. Allah rəhmət eləsin, Kamil Əhmədov mənim muğam müəllimim olub.

- Səhv etmirəmsə, Kamil müəllim uzun müddət Seyid Şuşinskini müşayiət edib.

- Azərbaycanda muğamların tədrisinin bünövrəsini Seyid Şuşinskiylə Kamli Əhmədov qoyub. İslam Rzayevlə birlikdə hər gün olmasa da, 2-3 gündən bir Kamil müəllimin evinə gedərdik, tələbələrinə evdə dərs verirdi. Onlar nərd oynayırdı, mən də öz üzərimdə çalışırdım. İrandan mənə setar göndərmişdilər, Kamil müəllim onu elə gözəl düzəltdi ki...

Asəf Zeynallı adına musiqi məktəbində oxuyanda İslam Rzayevlə “Morvağzal”ın arxa tərəfinə gedərdik, radioda İranı tutardıq, İslam müəllim deyərdi ki, necə gözəl oxuyurlar. Onunla ruhumuz bir-birinə çox yaxın idi. Asəf Zeynallı adına məktəbdə oxuyanda İslam Rzayevlə Azərbaycanın ilk instrumental ansamblını yaratdıq. Kamil müəllimdən soruşmuşdu ki, Abdulla bu işin öhdəsindən gələ bilərmi? Ondan sonra mən Azərbaycandan ayrılana qədər hər gün İslam Rzayevlə bir yerdəydik. Rəhmətlik Qulu Əsgərov, Təvəkkül, Bakıya gələndə rəhmətlik Qədir Rüstəmovla hər gün bir yerdə olurduq. Filarmoniyanın yanındakı çayçı bizim üçün məktəb idi. Bəhram Mansurovdan, Həbib Bayramovdan, Əliağa Quliyevdən, Sərvər İbrahimovdan çox şey öyrənmişəm. Təsəvvür edin ki, oraya Xan Şuşinski gəlirdi, biz onu kənardan heyrətlə izləyərdik. Mən indi düşünürəm: musiqi sahəsində Azərbaycan böyük bir dəryadır. Bəhram Mansurovun yanına dəfələrlə gedib tarı necə çaldığını görmüş, xeyir-duasını almışam, övladları yaxın dostlarım olub. Konservatoriyada Süleyman Ələsgərov kafedra müdirimiz, Ramiz Quliyev müəllimimiz olub. Ramiz müəllimin Ankara, İstanbul, Şanlıurfada solo konsertlərini təşkil etdim, salonlara sığmayan xalq Ramiz müəllimin ifasını qıraqda da dinləyirdi. Süleyman müəllimin “Milyonçunun dilənçi oğlu” operasını burda tamaşaya qoyduq, tarda Həmid Vəkilovla mən çaldım.

- 70-ci illərin ikinci yarısında musiqi sənətimizdə Əhsən Dadaşov və Qədir Rüstəmovun ifaları çox populyar idi...

- Bəli. Əhsən müəllimin ölüm gününü xatırlayıram. Tabut qaldırılanda Şövkət Ələkbərovanın naləylə necə göz yaşı tökdüyünü unutmaram. Əhsən Dadaşov çox böyük sənətkar idi. Azərbaycan musiqisinin ən böyük tarzənlərindən biridir, özünə görə bir xətt qoydu və mən o xəttin davamçılarından biriyəm. Bakıda İranlılar komitəsi vardı, orda təxminən 2 il Əhsən müəllim bizim orkestrə rəhbərlik etdi. Oraya Rübabə Muradova, Mahrux Muradova, Milli Konservatoriyanın rektoru, dostum Siyavuş Kərimi və başqa tanınmış sənətkarlar gəlirdi. Mənə dərs deməsə də, Kamil müəllimdən sonrakı ən dəyərli müəllimim Əhsən Dadaşov olub. İran üslubunda bəzi şeylər çalmaq istəyirdim, ancaq çalmağa qorxurdum. Bir gün məşqdə gördüm ki, Əhsən müəllim tarı əlinə alıb pərdəni bir az çəkdi və mənim arzuladığım şəkildə çaldı. Evə gedən kimi bir daha məşq etdim və ondan sonra İslam Rzayevi, Qədir Rüstəmovu müşayiət edərkən o tərzdə çalmaqdan qorxmadım.

- O vaxtlar Qədir Rüstəmovun şıltaqlıqları barədə əfsanələr gəzirdi. Yeni mahnılar yazdırması üçün İslam Rzayev onu necə razı sala bildi?

- Bir gün İslam Rzayev filarmoniyada mənə dedi ki, Abdulla, Türkiyədən radioya çoxlu məktub gəlib. Qədir Rüstəmovun niyə yeni mahnılar oxumadığını soruşurlar. Həmişə “Sona bülbüllər” və ya “Neyçün gəlməz” səsləndirilir. Əhsən Dadaşov vəfat edəndən sonra Qədir Rüstəmov çıxıb Ağdama getmişdi, deyirmiş ki, Əhsən müəllimdən sonra cavan uşaqlardan Abdulla mənə tar çalsa, oxuyaram. İslam müəllim soruşdu ki, nə deyirsən, Qədir gəlsinmi? Əvvəl bu söhbəti zarafat hesab etsəm də, sonra ciddi olduğunu görüb razılıq verdim. 1 həftədən sonra Qədir Rüstəmov gəldi. Əlində həmişə qəlyanı vardı, mənim maşınıma minəndə arxada otururdu ki, tüstü mənə tərəf gəlməsin. Özünəməxsus xasiyyətləri olan sənətkar idi. “Kaprizli” adam idi, ritmə çox da bağlı qalmağı sevməzdi, gərək onu təqib edəydin. Məşqlərdə Qədirin hansı məqamda “qaçacağını”, ritmi axsadacağını öyrənmişdim. O vaxt texnologiya indiki kimi inkişaf etməmişdi, səsyazma studiyasında xanəndənin yan-böyrünə sanki çəpər çəkirdilər. Sadəcə, mən Qədiri görə bilirdim, ara-sıra əyilib ona baxırdım ki, dəqiq müşayiət edə bilim. “Ay dili-dili”ni çox yaxşı oxudu. İkinci mahnını oxuyub qurtarandan sonra alçaq səslə məndən soruşdu ki, necə oldu? Səs lentə düşdü, ona görə o mahnını efirə verə bilmədilər. Qədir Rüstəmov çox sərbəst adam idi. Daha sonra televiziyada Qədir Rüstəmovla 6 mahnı yazdırdıq. O vaxtlar Şuşada Azərbaycan incəsənəti 10 günlüyü keçirilirdi. Maestro Niyazi, Müslüm Maqomayev ordaydılar. Mən Akif İslamzadəylə eyni otaqda qalırdım. O vaxtlar televiziya və radionun həftəlik proqramları qəzetdə çıxırdı. Şuşada məşqdən çıxıb otelə gələndə gördük ki, küçələrdə heç kim yoxdur, hamı Qədir Rüstəmovun konsertinə baxmaq üçün evdə televizorun qabağına keçmişdı. Mənim sənətkar kimi tanınmağımda ən böyük rolu olmuş adamlardan biri də Qədir Rüstəmovdur. Rübabə Muradovanı, Şövkət Ələkbərovanı, Arif Babayevi, Elmira Rəhimovanı çox müşayiət etmişəm. Dünyadan köçənlərin hamısına Allah rəhmət eləsin. Onlardan çox şey öyrəndim. İndiki Abdulla Qurbani olmağımın səbəbkarları bu cür böyük sənətkarlardır. Mən nə öyrənmişəmsə, Azərbaycan torpaqlarında öyrənmişəm.

- Bəs nə oldu ki, hər şey bu qədər yaxşı gedərkən Azərbaycanı tərk etməyə qərar verdiniz? Yaxşı xatırlayıram ki, Azərbaycanı tərk etməyiniz o vaxtlar sənətsevərlər üçün şok oldu.

- 1980-ci ildə Konservatoriyanı bitirdim, Bakıda 17 il yaşadıq. O vaxt bütün qohumlarımız İranda yaşayırdı. Açığını deyim ki, İrana qayıtmağımız üçün atamın Bakıdakı İran konsulluğuna müraciətlərindən mənim xəbərim olmayıb, mən geri qayıtmaq istəməzdim. O cür gözəl sənət mühitini atıb haraya getmək istərdim ki? Bir gün eşitdim ki, İrana qayıtmağımız üçün icazə çıxıb. 1982-ci il idi.

- Bəs İrandan nə vaxt ayrıldınız?

- İcazə verin, bir xatirəmi danışım. İrana gedəndən az sonra qardaşım Yədullanı Türkiyəyə yola salarkən Tehran aeroportunda tanımadığımız ər-arvad mənə yaxınlaşıb dedilər ki, siz Abdulla Qurbani deyilsinizmi? Süruş bəy və Turan xanım məni evlərinə dəvət edəndə gördüm ki, Azərbaycanda nə çalmışamsa, hamısını lentə alıblar. Azərbaycan musiqisini o qədər sevirmişlər ki, hər həftə Astaraya gedib orada radiodan Azərbaycan musiqisini lentə alırmışlar. Evlərində Azərbaycan musiqisinin arxivi tam şəkildə vardı. 3 il İran radiosunda işlədim. “Bayatı-şiraz”ı və “Zabul-segah”ı lentə aldırdım. 3 il İranda qalandan sonra Almaniyaya getdim, orada doktorluq dissertasiyası müdafiə edəcəkdim. Biz İrana qayıdanda bacım təhsilini Bakıda başa çatdırsın deyə, anam da orada qalmışdı. Almaniyada olarkən bacım Cəmilə Bakıda avtomobil qəzasında həlak olubmuş. O vaxt Rəşid Behbudov Almaniyaya gəlmişdi, mən də orda Yaqub Zurufçuyla birlikdəydim. Ona deyiblər ki, Abdullaya bacısının öldüyünü demə. Şəfiqə Eyvazova ilə çox yaxın idim, o da mənə demədi, ancaq məni görəndə özündən getdi. 2 aydan sonra Yaqub mənə dedi ki, İrana get, qayıdıb dissertasiyanı müdafiə edərsən. Bacımın öldüyünü İranda bildim. Ürəyimdə çox dərin yara açdı. Almaniyaya qayıtmadım. 1988-də İstanbula gəzməyə gəlmişdim, Konservatoriyaya getdik, bütün tarçalanları yığdılar. Mən də çaldım, İstanbulda qalmağımı təklif etdilər, maaş yaxşı idi, qalmağa qərar verdim. Ankaraya işləmək üçün icazə almağa gələndə Ankarada xalq musiqisi xorunda işləməyi təklif etdilər və mən İstanbulda yox, Ankarada işləməyə qərar verdim. Burda olduğum müddətdə Azərbaycan sənətkarlarının bir çox əsərinin ifa edilməsinə nail olmuşam. Azərbaycan musiqisinin burada orijinal şəkildə ifa edilməsində əməyim çoxdur. Hal-hazırda Türkiyə Mədəniyyət Nazirliyinin xalq musiqisi xorunda işləyirəm, İzmir Türk dünyası topluluqlarıyla gördüyümüz işlər var.

-Nəsillər dəyişir, səhnəyə yeni sənətkarlar çıxır, Azərbaycan sənətinin içində olan bir adam kimi hal-hazırda hansı sənətkarları müşayiət etmək istərdiniz?

- Azərbaycanda muğam müsabiqəsi möhtəşəm şəkildə təşkil edilir. 2013-cü ildəki müsabiqəyə mən də Türkiyədən heyət aparmışdım, yaxın dostum Səyavuş Kərimi bizə çox dəstək verdi, 3-cü yeri tutduq. Oradakı cavan nəsil çox gözəl muğamlar ifa edir, usta cavan müşayiətçilər var. Cavan ifaçıları məmnuniyyətlə müşayiət etmək istərdim. Azərbaycanda muğam sənəti həmişə ön sırada olub. Əminliklə deyə bilərəm ki, bu gün Azərbaycan muğam sənəti dünyada birinci yerdədir. Azərbaycanın nefti bitər, ancaq musiqisi bitməz. Dövlətin bu işə göstərdiyi qayğı məmnuniyyət doğurur. Bakıdakı dostlarımla daim əlaqədəyəm. Son gedişimdə muğamsevər iş adamı Füzuli Nəcəfov buradan apardığım heyətə öz restoranında böyük ziyafət verdi, məndən sonra İslam Rzayevin ansamblına bədii rəhbərlik etmiş dostum Firuz Əliyev, Zaur Rzayev də ordaydılar. Çox səmimi söhbətimiz oldu. Fürsətdən istifadə edib muğam sənətinə ürəkdən dəstək verən Füzuli Nəcəfova minnətdarlığımı bildirirəm. Azərbaycana, ordakı dostlarıma, sənət ictimaiyyətinə sizin vasitənizlə salamlarımı çatdırıram. Azərbaycanda bu qədər tanındığımı bilmirdim, Bakıda hara getdimsə, dedilər ki, Abdulla Qurbanı gəlib, buna hədsiz dərəcədə sevindim. İstanbuldan mənimlə əlaqə yaratdınız, sonra zəhmət çəkib buraya qədər gəldiniz, Qədir Rüstəmovun “Ay dili-dili” mahnısını mənə yenidən dinlətdirib gözlərimi yaşartdınız, Nuriyyə Hüseynovanın oxuduğu “Şüştər”i dinlədik, Nuriyyə xanım dolu oxuyan sənətkardır. Buna görə sizə də minnətdaram. Ən böyük arzum Qarabağın azad edilməsi və Azərbaycanın çox qiymətli sənətkarlarını Şuşada yenidən müşayiət etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR