Azərbaycanda ağır və xüsusilə ağır cinayət törətmiş 114 cinayətkar qrup və dəstə zərərsizləşdirilib

Azərbaycanda ağır və xüsusilə ağır cinayət törətmiş 114 cinayətkar qrup və dəstə zərərsizləşdirilib
# 11 iyul 2014 19:33 (UTC +04:00)

"Onların 92 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 87,2 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 12,8 faizini ağır və xüsusilə ağır növlər təşkil edib".

APA-nın xəbərinə görə, bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov bu gün Daxili İşlər Nazirliyinin kollegiya iclasında deyib.

Nazir müavini qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində respublikanın 24 şəhər və rayonu üzrə ağır və xüsusilə ağır cinayətlərin sayında azalma müşahidə olunub. Bütövlükdə isə, bu növ cinayətlərin strukturunda şəxsiyyət əleyhinə olanlar 5,4 faiz, o cümlədən qəsdən adam öldürmələr 13,8 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 5,7 faiz azalıb. Eyni zamanda, ictimai yerlərdə baş verən cinayətlər 13 faiz, mütəşəkkil dəstələr tərəfindən törədilən cinayətlər 62 faiz, qrup halında cinayətlər 8 faiz, yetkinlik yaşına çatmayanların cinayətləri 2,5 faiz azalıb.

V. Eyvazov vurğulayb ki, cinayətlərin açılması 80,1 faiz təşkil edib. Belə ki, qeyri-aşkar şəraitdə baş vermiş ağır və xüsusilə ağır cinayətlərin açılması 71 faizə yüksəlib. Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində “isti izlərlə” 594, prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 241, o cümlədən 54 ağır və xüsusilə ağır cinayət açılıb.

“102” xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilmiş çevik cavab tədbirləri ilə 5000 hüquqazidd əməlin qarşısı alınıb, 1573 cinayət işi başlanıb.

Nazir müavininin bildirdiyinə görə, hesabat dövründə müxtəlif cinayətlər törətmiş 4461, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 1037 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib. Təqsirləndirilən şəxslərin axtarışı işinin nəticələri 2,5 faiz yaxşılaşıb, istintaqdan və məhkəmələrdən yayınan 1125 nəfər tutulub. Ümumilikdə, axtarılanların 52,3 faizinin tutulması təmin edilib.

Mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 286 ağır və xüsusilə ağır cinayət törətmiş 114 cinayətkar qrup və dəstə zərərsizləşdirilib, qeyri-leqal dövriyyədən ümumi məbləği 98 min manat olan 2267 ədəd əskinas, habelə istifadə müddəti ötmüş 300 tona yaxın tikinti materialı çıxarılıb. Bu dövrdə qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 71 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Narkotraffikə və insan alverinə qarşı mübarizə tədbirləri çərçivəsində 1743 cinayət müəyyən edilib, 90 nəfərdən ibarət 27 cinayətkar qrup və dəstə zərərsizləşdirilib, qanunsuz dövriyyədən 373 kiloqram narkotik vasitə çıxarılıb. Xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 111 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib. İnsan alveri ilə bağlı isə 50 cinayət müəyyən edilib və bu əməllərin qurbanı olmuş 39 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib. O da qeyd olunub ki, qanunçuluğun, eləcə də hər bir şəxsin hüquq və azadlıqlarının qorunması sahəsində əhəmiyyətli vəzifələri yerinə yetirən istintaq və təhqiqat qurumlarının əməkdaşları tərəfindən hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi işinin nəticələri daha da yaxşılaşaraq 71 faiz təşkil edib.

Bütövlükdə, daxili işlər orqanları tərəfindən müxtəlif inzibati xətalara görə 619.148 protokol tərtib olunub, nəticədə 573.696 nəfər cərimələnib, 1786 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 22.187 şəxsə də xəbərdarlıq edilib.

Nazir müavini bildirib ki, hesabat dövründə 3 mindən çox, o cümlədən qabaqcadan təsdiqlənmiş cədvəl əsasında respublikanın ayrı-ayrı bölgələrində 140 vətəndaş qəbul edilib. Qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub, əlavə yoxlama tələb edən ərizələr nəzarətə götürülərək araşdırılıb. Nəticələr barədə təşəbbüskarlar yazılı məlumatlandırılıb, hüquqları izah edilib.

V. Eyvazov ötən 6 ayda nazirliyə daxil olmuş müraciətlərin sayının 3,8 faiz, polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə şikayətlərin 11,7 faiz, Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olmuş şikayətlərin 9 faiz azaldığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR