Donbassda sülhün pozulması təhlükəsi yaranıb

Donbassda sülhün pozulması təhlükəsi yaranıb
# 18 mart 2015 07:43 (UTC +04:00)

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, separatçılar Donbassın bəzi ərazilərinin işğal olunmuş ərazilər kimi tanınması, eləcə də həmin ərazilərin statusuna dair Ukrayna Ali Radası tərəfindən qəbul olunan qanunları biabırçı adlandırıblar. Onlar bildiriblər ki, həmin sənədlər ləğv edilməsə, Kiyevlə kompromisə gəlmək mümkün olmayacaq.

Separatçı rejimlərin başçıları Aleksandr Zaxarçenko və İqor Plotnitski tərəfindən verilən birgə bəyanatda deyilir: “Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası bəyan edirlər ki, Poroşenko və Ali Rada tərəfindən qəbul olunan rüsvayçı qərarlar ləğv olunana qədər Kiyevlə hər hansı kompromis mümkün deyil. Donbassa xüsusi status verməkdən imtina etməklə Kiyev Minsk sülhünü tapdalayıb və situasiyanı dalana salıb. Biz vaxtilə hər hansı entuziazm olmadan Donbassın yenilənmiş Ukrayna tərkibində xüsusi statusuna razı olmuşduq, baxmayaraq ki, xalqımız tam müstəqillik istəyir. Biz qardaş qanı axmasın deyə buna getdik. Lakin Ukrayna dəyişmədi”.


Xatırladaq ki, martın 17-də Ukrayna Ali Radası Donetsk və Luqansk vilayətlərinin separatçıların nəzarətində olan və xüsusi yerli idarəetmə qaydasının tətbiq olunacağı rayon, şəhər və kəndlərinin siyahısını təsdiqləyib. Lakin bu ərazilərin xüsusi statusuna dair qanunun qüvvəyə minməsi həmin ərazilərdə Ukrayna qanunları əsasında seçkilərin keçirilməsinə qədər təxirə salınıb. Qanuna edilən düzəlişlərə əsasən həmin ərazilərdə yerli idarəetmə orqanlarına seçkilər yalnız bütün qanunsuz hərbi birləşmələrin, muzdluların və hərbi texnikanın Ukrayna ərazisindən çıxarılması, qanunsuz hərbi birləşmələr tərəfindən seçki prosesinə müdaxilə edilməməsi, yerli KİV-də seçkilərin bütün iştirakçılarına bərabər səviyyədə imkanların yaradılması, prosesin ATƏT tərəfindən müşahidə olunması şəraitində mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR