Asiya İnkişaf Bankı Azərbaycanda istiqraz buraxmaq niyyətindədir

Asiya İnkişaf Bankı Azərbaycanda istiqraz buraxmaq niyyətindədir
# 07 may 2015 07:39 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyəti ilə görüşüb.

Komitənin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, R. Aslanlı yerli və beynəlxalq ekspertlərin iştirakı ilə qiymətli kağızlar bazarı üzrə yeni qanun layihəsinin hazırlandığını bildirərək bazarda dövlət tənzimlənməsi və nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edən yeni qanunun yaxın zamanda qəbul olunacağına əminliyini ifadə edib. Sədr rəhbərlik etdiyi komitənin beynəlxalq təcrübədən geniş şəkildə faydalandığını dilə gətirərək Azərbaycanın kapital bazarlarında ticarət və post-ticarət infrastrukturunu inkişaf etdirilməsi, eləcə də yerli bazarda informasiya sistemlərinin təchizatı və quraşdırılması sahəsində Koreya Birjası ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib.

AİB-in nümayəndə heyətinin rəhbəri Pier Van Peteghem təmsil etdiyi maliyyə institutunun yerli bazarda istiqraz buraxmaq təşəbbüsü ilə bağlı QKDK və aidiyyəti qurumlarla əməkdaşlığa böyük önəm verdiyini xüsusi olaraq qeyd edib.

Sonda AİB tərəfindən yerli bazarda buraxılması nəzərdə tutulan istiqrazların qeydiyyata alınma prosedurları, təqaüd fondları, sığorta şirkətləri və maliyyə institutları daxil olmaqla, yerli və xarici institusional investorların sözügedən istiqrazlara investisiya qoyuluşunda iştirakı məsələləri və gələcək tərəfdaşlıq strategiyasının prioritetlərinə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR