Bir neçə siyasi partiya iqtidar-müxalifət görüşünün davam etdirilməsi təklif edib

Bir neçə siyasi partiya iqtidar-müxalifət görüşünün davam etdirilməsi təklif edib
# 04 noyabr 2015 13:27 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün "Azadlıq-2015" siyasi partiyaların seçki bloku noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib ki, blok seçkilərdə iştirak qərarı verib. Onun sözlərinə görə, seçki blokunun seçkilərdə iştirak qərarına milli və dövlətçilik mənafeyinin önəmi təsir göstərib: "Biz yenə də seçkilərdə iştirakla bağlı qərarın doğru olduğunu hesab edirik. Çünki Azərbaycan dövlətinin və demokratiyanın inkişafı üçün seçkilərdə iştirak vacib idi".

KXCP sədri qeyd edib ki, blokun fəaliyyətinə xitam verilməsi ilə bağlı hələlik yekun qərar yoxdu və bu məsələ müzakirə olunur.

Seçki qərargahının rəhbəri Bəybala Əbil bildirib ki, blokun 72 namizədindən 20-i qeydə alınıb: "Ancaq bir sıra qanun pozuntuları oldu. Bununla yanaşı, blokun seçkilərdə iştirakı olduqca vacib idi və biz öz qərarımızı düzgün hesab edirik".

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə deyib ki, iqtidar nümayəndələri ilə siyasi partiyaların görüşləri seçkilərə hesablanmamışdı və mandat üçün deyildi. Onun sözlərinə görə, blok iqtidar-müxalifət görüşünün davam etdirilməsinin tərəfdarıdır. O, hakimiyyətlə dialoqa görə, bloka qarşı ittihamların əsassız olduğunu vurğulayıb.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə qeyd edib ki, seçkilərin başa çatdığını düşünmək tezdir: "Hesab edirəm ki, biz bəzi namizədlərlə bağlı nəticənin dəyişməsinə nail olacağıq".

Azadlıq Partiyasının sədri Əhməd Oruc sosial şəbəkələrdə və mediada bəzi müxalifət nümayəndələri tərəfindən blokun namizədlərinə qarşı qara piar aparılmasını blokun nüfuzuna zərbə vurmaq cəhdi kimi qiymətləndirib.

KXCP sədrinin müavini Xəzər Teyyub isə blokun fəaliyyətinə xitam verilməsini və hərəkata çevrilməsini təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR