Paşha Bank
Bank Of Baku

Deputat: Ekoloji təhlükəsizlik üçün qanunvericiliyin təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır

Nigar Məmmədova, Milli Məclisin deputatı

© APA | Nigar Məmmədova, Milli Məclisin deputatı

# 16 oktyabr 2026 12:31 (UTC +04:00)

Ekoloji təhlükəsizliyin təmin edilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Nigar Məmmədova bildirib.

Deputat deyib ki, qəbul edilən normalar yalnız hüquqi tələbləri müəyyən etməklə kifayətlənməməli, insanların gündəlik həyatında da real nəticələr verməlidir.

“Təqdim olunan qanun layihəsində istehsalat ekoloji monitorinqinin aparılması, ölçmə vasitələrinin yoxlanılması və hesabatlılıq üçün konkret müddətlərin müəyyənləşdirilməsi ilə bağlı dəyişiklikləri bu baxımdan əhəmiyyətli hesab edirəm.

Bununla yanaşı, bu dəyişikliklərin daha səmərəli tətbiqi üçün bir neçə məqamın nəzərə alınması məqsədəuyğun olardı. İlk növbədə, müəssisələrə münasibətdə diferensial yanaşmanın tətbiqini təklif edirəm. Belə ki, ətraf mühit üçün yüksək risk yaradan və ekoloji təsiri nisbətən aşağı olan müəssisələrə nəzarətin tezliyi istehsalın xarakterinə, risk səviyyəsinə və mümkün fəsadların miqyasına uyğun müəyyən edilməlidir.

Digər mühüm məsələ ictimaiyyətin məlumatlandırılmasıdır. Ətraf mühitə təsirin qiymətləndirilməsinə dair sənədlərin rəsmi internet resursunda yerləşdirilməsini müsbət addım hesab edirəm. Bununla yanaşı, təklif edirəm ki, bu məlumatlar vətəndaşlar üçün sadə, aydın və anlaşılan formada da təqdim olunsun. Çünki hər bir vətəndaş yaşadığı ərazidə ətraf mühitin vəziyyəti, mümkün ekoloji risklər və onların qarşısının alınması üçün görülən tədbirlər barədə məlumat əldə etmək imkanına malik olmalıdır.

Bu təkliflər ekoloji nəzarətin səmərəliliyini artırmaqla yanaşı, ətraf mühitin mühafizəsinə daha məsuliyyətli yanaşmanın formalaşmasına da töhfə verə bilər.

Unutmamalıyıq ki, ətraf mühitin qorunması gələcəyə qoyulan sərmayədir. Bu sahədə atılan hər bir addım insanların sağlamlığına, uşaqlarımızın gələcəyinə və ölkəmizin dayanıqlı inkişafına xidmət etməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR