Berlin Humboldt Universitetinin professoru “AzərTAc”ın baş direktoru ilə görüşüb

Berlin Humboldt Universitetinin professoru “AzərTAc”ın baş direktoru ilə görüşüb
# 21 noyabr 2014 07:17 (UTC +04:00)

Bakı - APA. “Azərbaycan həqiqətlərinin Almaniya ictimaiyyətinə çatdırılması istiqamətində səylər daha da gücləndirilməlidir”.


APA-nın xəbərinə görə, bu fikir Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor xanım Eva Maria Auxun “AzərTAc”ın baş direktoru Aslan Aslanovla görüşündə vurğulanıb.


Görüşdə Humboldt Universitetinin Azərbaycan tarixi kafedrası ilə “AzərTAc” arasında əməkdaşlığın qurulması, Azərbaycan həqiqətlərinin Almaniya ictimaiyyətinə çatdırılması istiqamətində birgə fəaliyyətin perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.


Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakıda keçirilən “QHT əməkdaşlığının nailiyyətləri və perspektivləri” mövzusunda beynəlxalq konfransın iştirakçısı olan Eva Maria Aux keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın informasiya blokadasına salındığı dövrdə Bakıya dəfələrlə səfər etdiyini və “AzərTAc”la əməkdaşlıq əlaqələrinin həmin vaxtdan başlandığını xatırladıb. İndi yenidən “AzərTAc”da olmaqdan məmnunluğunu ifadə edən almaniyalı qonaq, səmimi görüşə görə minnətdarlığını bildirib.


Almaniyalı professor “AzərTAc”ın gələn il qeyd ediləcək 95 illiyi münasibətilə Humboldt Universitetində tədbir keçirilməsini təklif edərək, bunun Azərbaycanın tarixini öyrənən alman tələbələr üçün böyük maraq doğuracağına əminliyini vurğulayıb. Söhbət zamanı xanım Eva Maria Aux Azərbaycan hökumətinin və ölkəmizin Almaniyadakı səfirliyinin diqqət və qayğısını hər zaman hiss etdiklərini böyük məmnunluqla qeyd edib.


Baş direktor Aslan Aslanov Azərbaycan həqiqətlərinin Almaniya ictimaiyyətinə çatdırılmasında göstərdiyi səylərə görə qonağa minnətdarlığını bildirərək, “AzərTAc” ilə Humboldt Universiteti arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Xanım Eva Maria Auxun Azərbaycana sevgisini yüksək qiymətləndirən baş direktor ölkəmizin tarixinin, mədəniyyətinin, ədəbiyyatının və dilinin təbliğində onun göstərdiyi səylərin təqdirəlayiq olduğunu bildirib.


”AzərTAc”ın beynəlxalq media qurumlarının fəal üzvü olduğunu bildirən baş direktor agentliyin Avropa Xəbər Agentlikləri Alyansı çərçivəsində Almaniyanın DPA (Deutsche Presse-Agentur) agentliyi ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.


Avropanın nüfuzlu ali məktəblərindən biri olan Humboldt Universitetində Azərbaycan tarixi kafedrasının yaradılmasını mühüm hadisə adlandıran Aslan Aslanov “AzərTAc”ın arxiv imkanlarının kafedranın tələbələri üçün hər zaman açıq olduğunu xüsusi vurğulayıb.

Görüşdə agentliyin əməkdaşlarının alman dili bacarıqlarının peşəkar səviyyəyə çatdırılması istiqamətində praktiki seminarların, məşğələlərin, ustad dərslərinin, həmçinin müxtəlif mövzularda birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub və əməkdaşlığa dair razılıq əldə edilib.


Görüşdən əvvəl xanım Eva Maria Aux “AzərTAc”ın alman dilində informasiya redaksiyasının fəaliyyəti ilə də yaxından tanış olub, Azərbaycan haqqında dolğun informasiyaların Almaniya ictimaiyyətinə çatdırılması istiqamətində redaksiyanın fəaliyyətini təqdirəlayiq hesab edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR