Bakıda doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransı keçirilir

Bakıda doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransı keçirilir
# 07 aprel 2015 11:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransının açılış mərasimi keçirilib. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransın açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, ali təhsil müəssisələrinin rəhbərləri, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov ali məktəblərlə elmi tədqiqat müəssisələri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş konfrans iki gün davam edəcək: “Konfransa 20 ali təhsil müəssisəsindən və Azərbaycan Milli Elmlər Akademiyasından 414 tezis təqdim olunub. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi və müzakirəsi üçün yaradılmış 15 bölməyə tanınmış alimlər rəhbərlik edəcəklər”.

Təhsil naziri Mikayıl Cabbarov bu tədbirin doktorantların və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, habelə onların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədilə həyata keçirilən növbəti tədbirlərdən biri olduğunu söyləyib. Nazir bildirib ki, iqtisadi və informasiya sahələrində rəqabətin gücləndiyi bir dövrdə elm və təhsilin rolu sürətlə artmaqdadır. Konfransın materiallarının Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər siyahısına daxil edildiyini nəzərə çatdıran nazir, bunu nəzərə alaraq, konfransa təqdim olunan tezislərə tələblərin daha da ciddiləşdirildiyini vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə elm sahəsində aparılan islahatların əhəmiyyətini vurğulayıb, elmi tədqiqat mərkəzlərinin təhsil müəssisələri ilə əməkdaşlığının daha da genişləndiriləcəyini qeyd edib.

Plenar iclasdan sonra konfrans bölmələrdə davam etdirilib.

Qeyd edək ki, konfransda iştirak edənlərə Təhsil Nazirliyinin sertifikatları veriləcək. Eləcə də konfrans materiallarının kitab şəklində çap olunması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR