Türkiyədə ürək-damar cərrahiyyəsi sahəsinin ən geniş akademik mənbələrindən biri olan üç cildlik “Kalp ve Damar Cerrahisi” kitabı nəşr olunub.
APA xəbər verir ki, ürək-damar cərrahiyyəsinin müxtəlif istiqamətlərini əhatə edən bu fundamental əsərdə Azərbaycan tibb elmi də təmsil edilib.
Ürək-damar cərrahı Prof. Dr. Kamran Musayev kitabın “Abdominal və torakoabdominal aort anevrizmalarında cərrahi və endovaskülyar müdaxilə” adlı bölümünün müəllifi olaraq layihədə iştirak edib.
Torakoabdominal aorta anevrizmaları ürək-damar cərrahiyyəsinin ən mürəkkəb sahələrindən biri hesab olunur. Bu patologiyaların müalicəsi açıq cərrahiyyə, endovaskulyar texnologiyalar, orqan qoruma strategiyaları və multidissiplinar yanaşma tələb edir.
Bölümdə abdominal və torakoabdominal aorta anevrizmalarının müasir diaqnostikası, cərrahi və endovaskulyar müalicə prinsipləri, eləcə də dünya təcrübəsində qəbul olunan yanaşmalar geniş şəkildə təqdim olunub.
Prof. Dr. Kamran Musayev bildirib ki, beynəlxalq səviyyəli belə bir akademik layihədə iştirak etmək həm böyük məsuliyyət, həm də Azərbaycan ürək-damar cərrahiyyəsinin elmi potensialını paylaşmaq baxımından önəmlidir.
Qeyd edək ki, “Kalp ve Damar Cerrahisi” kitabı ürək-damar cərrahları, rezidentlər və bu sahə üzrə çalışan mütəxəssislər üçün mühüm elmi mənbə kimi hazırlanıb.
Kitabı onlayn platformalardan əldə etmək mümkündür.
https://akademisyen.com/pac-kalp-ve-damar-cerrahisi-cilt-1-2-3