ADA Universiteti magistratura proqramlarına tələbə qəbuluna start verib

ADA Universiteti magistratura proqramlarına tələbə qəbuluna start verib
# 01 oktyabr 2014 07:49 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. ADA Universitetində magistraturaya sənəd qəbulu başlayıb. Universitetdən APA-ya verilən məlumata görə, 2015-2016-ci tədris ilində diplomatiya və beynəlxalq münasibətlər, ictimai siyasət və MBA proqramlarına qəbul aparılacaq.

ADA-nın magistratura proqramları iki illikdir və təhsil ingilis dilindədir. Dərslər tanınmış xarici və azərbaycanlı professorlar tərəfindən tədris edilir. Təhsil müddətində tələbələr bir sıra xarici ölkələrə qısa akademik səfərlərdə iştirak edirlər. Tələbələr əldə etdikləri akademik göstəricilərə uyğun olaraq təhsil haqqında 100%-lik, yaxud qismən güzəştlər əldə edə bilərlər. Eyni zamanda, ADA Universiteti Azərbaycanda ilk dəfə olaraq təhsil haqqının ödənməsi üçün uzunmüddətli aşağı faizli təhsil kreditləri də təklif edir.

Bununla yanaşı, ADA-nın Niderland Krallığı Maastriht Menecment Məktəbi (MSM) ilə birgə qiyabi Ekzekyutiv MBA proqramına da sənəd qəbulu başlayıb. Modullarla tədris olunan bu proqram minimum dörd illik iş təcrübəsi olanlar peşəkarlar üçün nəzərdə tutulub. Dərslər həm ADA, həm də MSM-in professorları tərəfindən Bakı və Maastriht şəhərələrində tədris edilir. Proqramın sonunda məzunlar hər iki universitetin beynəlxalq akkreditə olunmuş diplomu ilə təltif olunurlar.

Maraqlanan namizədlər elektron ərizə forması ilə birbaşa ADA Universitetinə müraciət edə bilərlər. Sənəd qəbulu aprelin 1-dək aparılacaq.

Qeyd edək ki, hal-hazırda ADA Universitetinin tədris proqramlarında Azərbaycanlı tələbələrlə yanaşı dünyanın 32 ölkəsindən 61 tələbə təhsil alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR