APA-nın 10 illik yubileyi münasibətilə futbol matçı keçirilib - FOTOSESSİYA

APA-nın 10 illik yubileyi münasibətilə futbol matçı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 14 noyabr 2014 11:55 (UTC +04:00)

Bakı – APA. “Azəri-Press” Agentliyinin (APA) 10 illik yubileyinə həsr olunan futbol matçı keçirilib. Apasport.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunun yardımçı meydanında “APA Holding”in əməkdaşlarından təşkil olunan komanda ilə “APA-nın dostları” üz-üzə gəlib.

Sabiq FİFA referisi, AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun idarə etdiyi qarşılaşmada hər iki komandanın heyətində bir futbol veteranı meydana çıxıb. Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq futbolçusu, hazırda “Xəzər Lənkəran”ın baş məşqçisi olan Oğuz Çətin təşkilatçıların, Azərbaycan yığmasının sabiq kapitanı, AZAL-ın çalışdırıcısı Tərlan Əhmədov qonaqların formasını geyib.

APA-nın dostları”nın heyətində Əhmədovla yanaşı, millət vəkilləri Zahid Oruc, Fazil Mustafa, həmçinin Aslan Şahgəldiyev, Səbuhi Səfiyarli, Elgiz Abbasov, Səməd Nəsibov, Zaur Əzizov, Emin Hüseynli də çıxış ediblər. Yubilyarları isə APA-nın baş direktoru Nurşən Quliyev, holdinqin əməkdaşları İxtiyar Əsgərov, Arif Şəmistanlı, Emin Mövsümov, İlkin Əhmədov, Elsevər Məmmədov, Orxan Bağırov, Vüqar Xeyrullayev, həmçinin iki “legioner” Oğuz Çətin və Elvin İsmixanov təmsil edib.

Maraqlı keçən qarşılaşma 5:5 hesabı ilə başa çatıb. 10 illik yubileydə 10 qolun vurulduğu matçda təşkilatçılar əzmkarlıq nümayiş etdirib. Onlar oyunun gedişində 1:4 hesabı ilə geri olsa da, sonda tarazlıq yarada bilib.

Matçdan sonra APA-nın baş direktoru Nurşən Quliyev təklifi qəbul etdikləri üçün iştirakçılara minnətdarlığını bildirdi. Ardınca komandanın kapitanları – Tərlan Əhmədov və Oğuz Çətinə mükafatlar təqdim edildi. Daha sonra isə hədiyyə almaq növbəsi APA-ya çatdı. “Xəzər Lənkəran” və “Qəbələ” klubları, həmçinin Peşəkar Futbol Liqası (PFL) öz hədiyyələrini təqdim edərək, təbriklərini çatdırdılar.

Fazil Mustafa: “Hesab edirəm ki, çox maraqlı oyun getdi. Nəticə də ədalətli oldu. Hər iki tərəf yaxşı oynadı. 5:5 hesabı əslində oyunun qanununa uyğun nəticə idi. Belə görüşlər adətən qollu heç-heçə ilə nəticələnir. APA-nı da yubileyi münasibətilə təbrik edirəm”.

Oğuz Çətin: “APA Holdinq”i apasport.az saytına görə tanımışam. Bizim futbol həyatımızda önəmli yer tutan saytlardan biridir. “Xəzər Lənkəran” klubunun bu saytla, holdinqlə münasibətləri çox yaxşıdır. Biz həmişə onlara qarşı yaxşı münasibətdə olmuşuq. APA-nın 10 illiyinə həsr olunmuş belə bir oyunda yer almaq mənim adıma da çox sevindiricidir. Dostlarla yığışıb futbol oynamaq, həqiqətən də, xoş hisslərdir. Bir az da olsa, gəncliyimi yada saldım. Təbii ki, daha əvvəlki kimi deyilik, yaşımız artıb. İstənilən halda, belə bir əyləncəli oyunda iştirak etmək mənə ləzzət elədi. Bir daha APA-nı 10 illiyi münasibətilə təbrik edirəm”.

Tərlan Əhmədov: “Açığı, il yarımdan çox idi ki, futbol oynamırdım. Başım sırf məşqlərə qarışmışdı. Doğrudan da, çox xoş təəssürat var. Köhnə dostlar, tanışlar, ünsiyyətdə olduğumuz şəxslər yığışmışdı. Mən ilk növbədə, apasport.az daxil olmaqla, ümumi APA-nı təbrik edirəm. Mətbuat idmanın inkişafına çox kömək olur. Futbolun, idmanın inkişafında apasport.az saytının böyük xidməti var. Arzu edərdim ki, daha da çiçəklənsin və idmanı yaxşı təmsil eləsin. O ki qaldı oyuna, maraqlı görüş oldu. Belə oyunlar şou xarakteri daşıdığından, nəticə önəmli deyil. Müdafiəçi olsam da, bu gün daha çox hücumda oynadım (gülür). Köhnə futbolçu bir mən, bir də Oğuz Çətin olduğundan, istədik ki, oyunu canlandıraq, çox qol olsun. Çünki futbolun gözəlliyi qoldur. Bu oyunda iştirak edənlərin çoxu – millət vəkilləri, mətbuat işçiləri futboldan bir qədər uzaqdırlar. İstər-istəməz qol vuranda həvəsə gəlirlər. Bu bizim özümüzə də ləzzət edirdi”.

Aslan Şahgəldiyev: “İlk növbədə, APA-nı 10 illiyi münasibətilə təbrik edirəm. Bizimlə əməkdaşlıq edən saytlardan biri də apasport.az saytıdır. APA-nın bütün kollektivini, rəhbərliyi təbrik edirəm. Özünüz də şahidsiniz ki, nə qədər çox oxucu kütləniz var. APA-da çoxlu sayda operativ xəbərlər olur. Apasport.az-da olan futbol statistikalarına biz heç bir saytda rast gəlmirik. Əməyi keçən hər bir şəxsi Peşəkar Futbol Liqasının adından təbrik edirik. Bugünkü oyun da xoş təşəbbüsdür. Millət vəkilləri, jurnalistlər və klub nümayəndələri sizi təbrik etmək üçün bura yığışıblar. Bu oyunun keçirilməsi təşəbbüsü kim tərəfindən irəli sürülübsə, ona da öz təşəkkürümüzü bildiririk. Hər iki komanda layiqli mübarizə apardı. Belə oyunlarda, özünüz də bilirsiniz ki, əsas nəticə deyil, mehribanlıq, həmrəyliyimizdir”.

Xaqani Məmmədov: “İlk növbədə, APA-nın 10 illiyini təbrik edirəm. Ölkədə ən böyük holdinqlərdən biridir. APA sözünü çoxdan deyib. O ki qaldı şou xarakterli oyuna, maraqlı keçdi. Millət vəkili Fazil müəllim çox səviyyəli oyun nümayiş etdirdi. Təcrübəli veteran futbolçulardan Tərlan Əhmədov və Oğuz Çətin çox gözəl təsir bağışladılar, gənclik illərindəki oyunlarını yada saldılar. Matçın nəticəsi də elə oyuna görə oldu. Adətən belə görüşlərdə bol qollu heç-heçə qeydə alınır. Tam səmimi deyirəm ki, oyunda APA-ya simpatiyam yox idi. Əslində olmalı idi (gülür). Hər halda, təşkilatçı, yubilyar onlar idi, amma olmadı. Hər iki tərəf çox maraqlı oyun göstərdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR