Bakıda "Qadınlara səlahiyyət, cəmiyyətə tərəqqi” mövzusunda konfrans keçirilir - FOTOSESSİYA

Bakıda "Qadınlara səlahiyyət, cəmiyyətə tərəqqi” mövzusunda konfrans keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 25 noyabr 2014 08:39 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bakıda Beynəlxalq Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü ilə bağlı “16 günlük fəallıq” kampaniyası çərçivəsində “Qadınlara səlahiyyət, cəmiyyətə tərəqqi” mövzusunda konfrans keçirilir.

APA-nın xəbərinə görə, Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Amerika Beynəlxalq İnkişaf Agentliyi (USAİD), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin İnkişaf Proqramı, Beynəlxalq Miqrasiya Təşkilatı, “Counterpart İnternational” Təşkilatı və Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti ilə birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, beynəlxalq təşkilatların, dövlət qurumlarının, vətəndaş cəmiyyətinin və ictimaiyyətin tanınmış nümayəndələri iştirak edirlər.

Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, bu tədbir bütün dünya üçün çox aktual bir mövzuya həsr olunub: "Bu gün BMT-nin rəsmi olaraq “Qadınlara münasibətdə zorakılıqla Beynəlxalq mübarizə günü” elan etməsindən 15 il keçir. Zorakılıq planetin ən mühüm problemlərindən biridir: "Xüsusilə də qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir. Bu gün dünyanın diqqətində olan bu problem Azərbaycan cəmiyyətini də narahat edir. Zorakılığın qarşısının alınması ailə institutunun möhkəmliyi, bütövlükdə dövlətin inkişafı deməkdir. Bu baxımdan ailədə münasibətlər sisteminin düzgün qurulması zəruridir. Ailədə münasibətlər normal olarsa, o zaman insanlar da cəmiyyətdə müəyyən mövqe tuta bilərlər".

Daha sonra Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Komitənin (CEDAW) vitse-prezidenti Pramila Patten, BMT-nin rezident-əlaqələndiricisi Antonius Bruk konfransın əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki, noyabrın 25-dən dekabrın 10-dək davam edəcək 16 günlük Fəallıq Kampaniyasının məqsədi gender əsaslı zorakılığın insan hüquqları kimi təbliği üçün yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmənin aparılmasıdır.

Konfrans işini panel iclasları ilə davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR