Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Xorvatiyada səfərdə olub

  Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Xorvatiyada səfərdə olub
# 21 iyul 2015 08:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Xorvatiyada rəsmi səfərdə olub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Fikrət Məmmədovla Xorvatiyanın ədliyyə naziri Orsat Milyeniçin görüşü keçirilib. Görüşdə çıxış edən F. Məmmədov Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarından danışıb. O. Milyeniç isə ölkəsində aparılan hüquqi islahatlar haqqında məlumat verib.

Daha sonra F. Məmmədovun Ali Məhkəmənin sədri Branko Hrvatin ilə görüşü baş tutub. Görüşdə ədalət mühakiməsinin səmərəliliyi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və ictimaiyyətin inamının artırılması, infrastrukturun müasirləşdirilməsi, İKT-lərin və elektron məhkəmənin tətbiqi, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, o cümlədən səlahiyyətlərinin genişləndirilməsi və digər məsələlər müzakirə edilib.

Azərbaycan ədliyyə nazirinin, Xorvatiyanın baş prokuroru Dinko Tsvitan ilə də görüşü olub. D.Tsvitan iki ölkənin hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinin vacibliyini vurğulayıb. Görüşdə iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, o cümlədən Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər orqanlarında fəal təmsilçiliyi vurğulanıb.

Səfər zamanı Azərbaycanda məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən tədbirlərlə əlaqədar təcrübə mübadiləsi məqsədilə birinci və yuxarı instansiya məhkəmələrinin fəaliyyəti ilə tanış olunub, hakimlərlə görüş keçirilərək məhkəmə sisteminin müasirləşdirilməsinə dair müzakirələr aparılıb. Həmçinin Xorvatiyadakı cəzaçəkmə müəssisələrinə baş çəkilib, məhkumların saxlanma şəraiti, cəzaların icrası qaydası üzrə təcrübə mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR