Adil Əliyev: "Azərbaycan bundan sonra da dinamik inkişaf yolunu tutacaq" - MÜSAHİBƏ

Adil Əliyev: "Azərbaycan bundan sonra da dinamik inkişaf yolunu tutacaq" - <span style="color: red;">MÜSAHİBƏ
# 23 oktyabr 2015 12:55 (UTC +04:00)

"Məhz Cənab Prezident İlham Əliyevin qətiyyəti nəticəsində arzuolunmaz hadisələrin qarşısı alındı”

Bakı - APA. Milli Məclisin üzvü, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, 20 saylı Nərimanov ikinci seçki dairəsindən millət vəkilliyinə namizəd Adil Əliyevin müsahibəsi

- IV çağırış Milli Məclisin işinə yekun vuruldu. Ümumiyyətlə, parlamentin beşillik fəaliyyətini necə qiymətləndirirsiniz?

- İlk növbədə qeyd etmək istərdim ki, ölkəmizin ali qanunvericilik orqanı kimi Milli Məclisin bütün iclasları, aparılan bütün müzakirələr və qəbul edilən qanunlar məhz xalqın rifahı, daha yaxşı yaşaması naminədir. Bu isə birinci olaraq, Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasi xəttin tərkib hissəsidir. Məhz Cənab Prezidentin siyasi istiqaməti ilə tutulan bu yol ölkəmizin, xalqımızın növbəti uğurlar qazanmasına stimul, təkan verir. Ötən beş ildə görülən işləri sadalasaq, buna sadəcə vaxt yetişməz. Ona görə də bütövlükdə parlamentin beşillik fəaliyyətini çox yüksək dəyərləndirir, həmkarlarıma da dərin təşəkkürlərimi bildirirəm.

- Bildiyimiz kimi, artıq 2016-cı ilin dövlət büdcə təsdiq olunub. Bununla bağlı sizin fikirləriniz nədən ibarətdir?

- Prezident İlham Əliyevin fədakar fəaliyyəti sayəsində ölkəmiz dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərindən birinə çevrilir. İstər regionda, istərsə də dünyada biz bunun şahidi oluruq. Əlbəttə ki, inkişaf olduqca, işlər də artır, yeni tələblər ortaya çıxır. Biz bütün bunları icra etməkdən ötrü, dövlətimizin daha da güclü olmasından ötrü hər zaman bir intibah, bir tərəqqi addımını atmalıyıq. Yəni xalqın, dövlətimizin intibahının daha da sürətləndirilməsi, inkişaf etmiş ölkələrin elm, iqtisadiyyat, sosial, mədəniyyət və s. marafonunda ön sıralarda yer alması zəruridir. Bu baxımdan, təsdiq olunmuş dövlət büdcəsi bütün sahələrin inkişafında öz rolunu oynayacaqdır.

- Bugünlərdə Prezident İlham Əliyevin atdığı qətiyyətli qərarlar və addımlarla bağlı nə deyə bilərdiniz?

- Bəlli olduğu kimi, Milli Məclisin son iclasında prezident İlham Əliyev tərəfindən təklif edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunun layihəsi qəbul olundu. 4 bənddən ibarət qanuna əsasən, 2 il müddətində sahibkar təsərrüfatlarında yalnız vergi yoxlamaları və insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. O cümlədən, həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilməyəcək. Belə bir qanunu qəbulu sizi inandırım ki, heç inkişaf etmiş Avropa dövlətlərində də tətbiq edilməyib. Bu baxımdan, biz mediadan, da analitiklərin fikirlərindən də görürük ki, hər kəs bu qərarı müsbət qarşılayır. Artıq nəticələr barədə danışmalıyıq və biz çox yaxınlarda süni müdaxilələr azaldığı üçün kiçik və orta sahibkarlıqda canlanmanın yaranmasını görəcəyik. Digər tərəfdən, ölkədə hər şey neft sənayesi üstünə qurulsa da, Azərbaycanın qeyri neft sektorunun da kifayət qədər potensialı var. Çünki bəzi məmurların sahibkarlardan pul tələb etməsi, zaman-zaman onların kreditlər götürüb borc almalarına şərait yaradılması sahibkarların bir çoxunun iflasına gətirib çıxarırdı. "Sahibkar heç kimə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır", bu sözləri də məhz Prezident deyib. İndi isə bu arzuolunmaz faktların qarşısı alındı, məhz Cənab Prezident İlham Əliyevin qətiyyəti nəticəsində. İnanıram ki, Azərbaycan bundan sonra da dinamik inkişaf yolunu tutaraq, yalnız irəliyə, qələbələrə doğru gedəcək. Bizlər də xalqımızın bir nümayəndəsi kimi bu işdə daim dövlət başçımızın siyasəti ətrafında daha da sıx birləşəcəyik.

- Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı bu sahədə şəffaflığın təmin olunması üçün atılan mühüm addım sayıla bilərmi?

- Prezident İlham Əliyevin gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərmanını yüksək qiymətləndirirəm. Bu, olduqca vacib qərardır. Bundan sonra xaricdən 10 min manat dəyərində mal gətirənlərə yaşıl işıq yandırıldı. Bundan başqa, fərmanı Azərbaycan Prezidentinin sədrliyi ilə oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylədiklərinin həyata vəsiqə qazanması kimi başa düşmək lazımdır. İqtisadiyyatda xeyli uğurlarımız var, sosial sahəyə diqqət ildən-ilə artırılır. Ancaq Prezidentimizin də qeyd etdiyi kimi bəzi sahələrdə neqativ hallar da var ki, onlar ölkənin ümumi inkişafına mane olur.

Prezident müşavirədə neqativ halların ortadan qaldırılmasını tələb etdi. Açılan iş yerlərini qorumaq və yenilərini açmaq lazımdır ki, həm məşğulluq, həm də insanların rifah halı artsın.

- Adil müəllim, siz həm də idman adamısınız. Ümumiyyətlə, bu sahədə gedən inkişafı necə qiymətləndirirsiniz?

- Doğru buyurdunuz. Bu il Azərbaycanın şanlı tarixinə, o cümlədən, Avropanın tarixinə silinməz izlər qoydu. Azərbaycanda “Bakı-2015” birinci Avropa Oyunları bütün möhtəşəmliyi ilə baş tutdu. Mən daha öncə də vurğulamışdım ki, belə bir nəhəng tədbirin ölkəmizdə keçirilməsinin əhəmiyyəti çox böyükdür. Bu, nəinki Azərbaycanın, ümumilikdə qitənin həyatında mühüm hadisədir. Dünyada tolerantlığın nümunəsi hesab olunan Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etməyə haqq qazanıb. Azərbaycanın bu sahədə zəngin təcrübəsi vardır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə idmanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi, Azərbaycan Gəncləri Gününün təsis edilməsi, 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi dövlətimizin bu sahəyə artan qayğısının bariz göstəricisidir. Mötəbər beynəlxalq yarışları yüksək səviyyədə təşkil edən Azərbaycan hazırda dünyada idman ölkəsi kimi tanınır. Bu da Azərbaycana olan etimadı artırır. Birinci Avropa Oyunlarını təşkil edən ölkə bu etimadı qazanmalı idi. Azərbaycan da bunu qazandı.

- V çağırış Milli Məclis seçkilərinə namizədliyinizi irəli sürmüsünüz. Təbliğat-təşviqat işləriniz nə yerdədir, seçicilərlə ünsiyyətiniz necədir və növbəti seçkilərə hazırlıq prosesini necə dəyərləndirirsiniz?

- Bəli, artıq seçkilərə sayılı günlər qalır. Mən də bu ərəfədə namizəd olduğum seçki dairəsi üzrə demək olar ki, hər gün dəyərli seçicilərimlə görüşür, onların problemləri ilə maraqlanır, sual və təkliflərini dinləyirəm. Bilirsiniz, təvazökarlıq kimi çıxmasın, şəxsən mən bir millət vəkilliyinə namizəd kimi seçicilərimlə keçirdiyim hər bir görüşdən məmnunluq duyuram. Çünki seçicilərimin qarşısına üzüağ, alnıaçıq çıxıram. Bilirəm ki, ötən millət vəkilliyim dövründə üzərimə götürdüyüm öhdəlikləri yerinə yetirməyi bacarmışam. İstər sosial, istər digər sahələrdə apardığım işlərin uğurlu nəticəsini gördükdə isə sevinirəm. Bundan gözəl hansı hissiyyat ola bilər? Bir millət vəkili kimi görülən işlər bizi qürurlandırır. Yaşlı insanlar, təqaüdçülər, yeniyetmə və gənclər müəyyən problemlərlə üzləşirlər ki, bunları da araşdırmaq, həll etmək millət vəkilinin ümdə borcudur. Hər zaman demişəm, millət vəkili millətinin vəkili olmalıdır. Seçkilərə hazırlıq prosesinə gəldikdə isə biz bir komanda olaraq seçkilərə tam hazırıq. Fürsətdən istifadə edərək, hər bir namizədə uğurlar arzu edirəm.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR