Qanunsuz ovla məşğul olan 7 nəfər saxlanılıb

Qanunsuz ovla məşğul olan 7 nəfər saxlanılıb
# 24 fevral 2015 10:08 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 21-24 fevral tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər keçirilib.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reyd zamanı Qaradağ rayonu ərazisində ov edən Bakı şəhər sakinləri Ehtiram Məcidov, Rövşən Əliyev və Vaqif Quliyev saxlanılıb. Onlardan 3 ov tüfəngi, 34 patron götürülərək qanuna müvafiq qaydada akt, protokol tərtib edilib və qanun pozucularının hər biri 1000 manat məbləğində cərimə olunub.

Qaradağ rayonu ərazisində keçirilmiş növbəti reyd zamanı isə ov edən 2 nəfər naməlum şəxs saxlanılaraq onlardan 2 ov tüfəngi, 249 patron götürülüb və qanuna müvafiq qaydada akt tərtib edilib. Sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətinin müəyyən edilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün Qaradağ Rayon Polis Şöbəsinə müraciət olunub.

Masallı rayon Qızılağac kəndi ərazisində keçirilmiş reyd zamanı qanunsuz ovla məşğul olan naməlum şəxs saxlanılıb. Ondan 1 ov tüfəngi, 28 patron, 3 qanunsuz ovlanmış quş götürülərək qanuna müvafiq qaydada akt tərtib edilib. Sənəd təqdim etməyən qanun pozucusunun şəxsiyyətinin müəyyən edilməsi və qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti rayon Polis Şöbəsinə müraciət olunub.

İlisu Dövlət Təbiət Qoruğunun ərazisində keçirilmiş reyd zamanı isə ov edən Qax şəhər sakini Xeyirbəy Ramazanov saxlanılaraq ondan 2 ov tüfəngi götürülüb. Faktla bağlı akt və protokol tərtib olunaraq qanun pozucusu 1000 manat məbləğində cərimə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR