Bank Of Baku

Vətən müharibəsi iştirakçısı: Şuşada, Cıdır düzündə hər bir iz canlı tarixdir, belə yerlərə zərər vurmaq yolverilməzdir

Silahlı Qüvvələrin ehtiyatda olan polkovnik-leytenantı Kamil Duniyev

© APA | Silahlı Qüvvələrin ehtiyatda olan polkovnik-leytenantı Kamil Duniyev

# 05 sentyabr 2026 20:57 (UTC +04:00)

Şuşada, xüsusilə Cıdır düzündə tarixi izlərin qorunması vacibdir, turistlər tərəfindən qayalara müxtəlif yazıların yazılması və bu məkanlara zərər vurulması yolverilməzdir.

APA-nın Qarabağ bürosuna açıqlamasında Silahlı Qüvvələrin ehtiyatda olan polkovnik-leytenantı, 44 günlük Vətən müharibəsində tək oğlu ilə birlikdə döyüşmüş və döyüş əməliyyatlarından birində ayağını itirmiş Kamil Duniyev belə halların qəbuledilməz olduğunu bildirib.

Kamil Duniyev qeyd edib ki, bu cür halların qarşısının alınması üçün dəfələrlə tədbirlər görülüb, qaydalara əməl etməyən şəxslər cərimələnib və onlara müvafiq izahat verilib.

“Lakin buna baxmayaraq, bu cür hallar hələ də davam edir. İşğaldan azad olunmuş ərazilərdə daş və qayaların üzərinə boya və digər vasitələrlə yazıların yazılması, eləcə də ərazilərin çirkləndirilməsi qəbuledilməzdir. Xüsusilə şəhid qanı tökülmüş, Azərbaycanın tarixi abidələrinə və tarixi məkanlarına çevrilmiş ərazilərdə hər hansı yazının yazılması, təbiətin pozulması böyük qayda pozuntusudur. Bunu təkcə qazilər, şəhid ailələrinin üzvləri və döyüşçülər deyil, hər kəs qınamalıdır. Bu, qınanılası məsələdir”, – o bildirib.

Qazi xüsusilə belə halların Şuşada, o cümlədən Cıdır düzündə baş verməsindən məyus olduğunu vurğulayıb.

“Bu halın Şuşada törədildiyini eşidəndə çox məyus oldum. Xüsusilə Cıdır düzündə Azərbaycanın qəhrəman oğullarının izləri, Şuşanın azad olunması zamanı atılan güllə və mərmilərin izləri canlı tarix kimi yaşamaqdadır. Belə bir məkanda qayalıqlara adların yazılması yolverilməzdir. Şuşada, Laçında və digər işğaldan azad olunmuş ərazilərdə belə halların baş verməsi qəbuledilməzdir”, – Kamil Duniyev əlavə edib.

"Skal Baku" Turizm Peşəkarları Təşkilatının sədri, turizm eksperti Ceyhun Aşurov da APA-ya açıqlamasında bildirib ki, bəzi turistlərin tarixi və təbii əhəmiyyət daşıyan qayaların üzərinə müxtəlif adlar yazması mənəvi irsimizə xələl gətirir.

Ceyhun Aşurov hesab edir ki, bununla bağlı maarifləndirməyə xüsusi diqqət yetirilməlidir:

“Bu kimi halların yaşanmasının qarşısının alınması üçün müxtəlif tədbirlər görülsə də, nəzarət və cərimələr tətbiq olunsa da, yenə də təkrarlanır. Ümumiyyətlə, turistlərin tarixi və təbii əhəmiyyət daşıyan qayaların üzərinə müxtəlif adlar yazması, müxtəlif işarələr qoyması xoşagələn hal deyil. Söhbət burada həm də turizm mədəniyyətindən, ictimai məsuliyyətdən gedir. Şuşanın isə bizim üçün xüsusən tarixi, mədəni və mənəvi əhəmiyyəti var. Belə əməllərin mənəvi məsuliyyəti daha ağırdır. O da nəzərə alınmalıdır ki, həmin ərazilər məhz bizim Vətən oğullarının qanı bahasına azad olunub”.

Ekspert belə hallarla bağlı ictimai qınağı önəmli sayır:

“Maarifləndirmə tədbirləri, nəzarət mexanizmlərinin tətbiqi və cəza tədbirlərinin görülməsi paralel aparılmalıdır. Eyni zamanda, həmin yerlərə turizm səfərləri təşkil edən turistlər və turizm bələdçiləri də turistlərlə lazımi təbliğat işləri aparmalıdırlar. Həmin ərazilərdə bununla bağlı müxtəlif maarifləndirici lövhələr də qoyulmalıdır.

Digər tərəfdən, hər kəs anlamalıdır ki, Qarabağın gözü olan Şuşada adların xatırlanılması üçün daşlara, qayalara adların yazılması, hər hansı bir boya ilə boyanılması xoşagələn hal deyil. Bu kimi hadisələr bizim mənəvi irsimizə xələl gətirir. Bu hadisə turizm mədəniyyətinin daha da inkişaf etdirilməsinə bir növ siqnal kimi hesab edilə bilər. Turizm mədəniyyəti eyni zamanda bizim tarixi əhəmiyyət daşıyan obyektlərə münasibətimizin göstəricisidir. Düşünürəm ki, maarifləndirmə istiqamətində nəzarət artırılsa, bu kimi hallar da azalacaq”.


Selcan Zaurqızı

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR