Gürcüstanın azərbaycanlılar yaşayan sərhədyanı kəndlərində kommunal problemlər yaranıb

Gürcüstanın azərbaycanlılar yaşayan sərhədyanı kəndlərində kommunal problemlər yaranıb
# 13 oktyabr 2014 23:37 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə sərhədyanı kəndlərdə yaşayan və fəaliyyət göstərən məktəb müəllimləri məlumat veriblər. Kənd müəllimləri APA-ya açıqlamalarında Ermənistanla 300 metr məsafədə yerləşən Yırğançay kəndində içməli su, təbii qaz, eyni zamanda yol problemi olduğunu bildiriblər. "Qışda kəndə gedən yolun bərbad vəziyyətdə olmasından, təbii qazın olmamasından, yayda susuzluqdan əziyyət çəkirik. Dəfələrlə əlaqədar təşkilatlara məlumat vermişik, lakin ölçü götürən yoxdur. İndi kənddə soyuqdur. Odun yoxdur ki, alaq. Qışda kərmə yandırırıq. Meşələr bizdən çox uzaqdır. Təbii qazın çəkilişi isə bir müddət çəkəcək."

Problemlərlə bağlı Dmanisi rayon icra hakimiyyətinin başçısı Qoqi Barbakadze APA-ya açıqlamasında Ermənistanla sərhəddə yerləşən Yırğançay kəndinin problemləri olduğunu təsdiqləyib: "Biz bu problemləri bilirik. Tezliklə kəndə qaz və yol da çəkiləcək. Biz kənd layihələri proqramından istifadə edib sakinlərin problemlərini həll edəcəyik," icra başçısı bildirib.

Azərbaycanlıların kompakt yaşadığı Yırğançay kəndinə təbii qaz çəkilişinin ləngiməyinin səbəbini ARDNŞ-nin Gürcüstanda fəaliyyət göstərən törəmə müəssisəsi “SOCAR Georgia Gas Ltd” şirkətinin rəhbəri Azər Məmmədov da açıqlayıb: "Bütün kəndlər üzrə layihələr hazırlanıb və bu layihələr Gürcüstan Energetika Nazirliyi ilə “SOCAR Georgia Gas Ltd” şirkətinin bağladığı müqavilə əsasında həyata keçirilir. Hazırda 2015-ci ildə çəkiləcək təbii qaz layihələrinin təsdiqini gözləyirik və bu sahədə işlər aparılır. Ümid edirəm ki, Yırğançay kəndində də təbii qaz olacaq," A. Məmmədov vurğulayıb.

Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyev APA-ya açıqlamasında Ermənistanla sərhəddə yerləşən Sadaxlı kəndində əhalinin odunla təmin edilməsində yaranan problemlərin araşdırıldığını və məsələnin həlli ilə əlaqədar Gürcüstanın ekologiya və təbii sərvətlər nazirliyinə məlumat verildiyini bildirib:" Nazirliyin meşə departamentinin Kvemo Kartli regionu üzrə rəhbərinə problemin həll olunması ilə bağlı tapşırıq verilib ki, odun əldə edə bilməyən sakinlərin siyahısı Marneuli rayon icra hakimiyyəti rəhbərliyi ilə birgə hazırlansın, sakinlərin odunla təminatı ən qısa vaxtda təmin edilsin. Problemin tez bir zamanda həll olunması nəzarət altındadır və əlaqədar təşkilatlarla müntəzəm olaraq əlaqə saxlayırıq," S. Mirzəyev qeyd edib.

S. Mirzəyev Sadaxlı kəndinə təbii qaz borusunun çəkildiyini və indiyədək 350- dən çox ailəyə qaz verildiyini bildirib: "Bu məsələ ilə də bağlı “SOCAR Georgia Gas Ltd” şirkətinin rəhbəri Azər Məmmədov ilə telefon söhbətimiz olub və o, Sadaxlı kəndindəki evlərə təbii qazın çəkilişi planının Gürcüstanın energetika nazirliyi tərəfindən artıq təsdiqləndiyini və tezliklə kəndə qaz çəkilişini başa çatdıracaqlarını bildirib."

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR