Bank Of Baku

Zəngəzurluların Gürcüstandakı izi - Salamməlik kəndindən REPORTAJ - FOTOLAR

Zəngəzurluların Gürcüstandakı izi - Salamməlik kəndindən REPORTAJ - FOTOLAR
# 20 oktyabr 2026 13:07 (UTC +04:00)

“Coğrafiyanı təkrarlamağa vulkan püskürmələri və zəlzələlər qədər heç nə kömək etmir”.

Məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin bu sitatının həqiqiliyini özümdə sınamışam. Təcrübəmdə zəlzələ mənə həm də Gürcüstanda soydaşlarımızın qədim yaşayış məskəni olan Salamməlik kəndinin mövcudluğunu məlum edib. Bu kənd keçmiş Başkeçid, hazırkı Dmanisi rayonunda yerləşir. 2022-ci ilin avqustunda Gürcüstanda qeydə alınmış zəlzələnin episentri məhz Salamməlikdə yerləşmişdi. Qonşu ölkədə bu adda kəndin varlığını təbiət hadisəsi barədə xəbərlə tanışlıqdan sonra öyrənmiş olmuşam.

Naxçıvandakı Salamməlik stansiyası ilə eyniadlı Gürcüstan kəndi

Gürcüstanda Naxçıvanı Zəngəzurla birləşdirən əsas nöqtələrdən olan Ordubad rayonundakı Salamməlik stansiyası ilə eyniadlı kəndin mövcudluğu barədə yəqin mənim kimi məlumatsız olanlar az olmayıb. Xeyli vaxt idi Birinci Salamməlik kəndinə gedib tarixi ilə maraqlanmağı planlayırdım.



Fikrimdə bu suallar dolaşırdı: Görəsən, Gürcüstanda Birinci Salamməlik kəndi necə yaranıb? Azərbaycandakı Salamməlik stansiyasının yerləşdiyi məkanla hər hansı bir bağlılığı varmı? Bu suallara cavab tapmaq həvəsi ilə Tbilisidən 115 kilometr aralıda yerləşən Birinci Salamməlik kəndinə nəhayət yollandıq.

Öncə onu qeyd edim ki, kənd rəsmi olaraq gürcücə Pirveli Salamaleiki, yəni Birinci Salamməlik adlansa da, daha çox Salamməlik adı ilə tanınır. Yaxınlıqdakı İkinci Salamməlik (gürcücə Meore Salamaleiki) kəndini isə əhali Məhəmmədağalar adlandırır.

Yaqublu, Şahmarlı, Məmişlər,...

Dmanisi rayonunun mərkəzindən Birinci Salamməlik kəndinə aparan yol boyu mənzərəli təbiət lövhələri bir-birinin ardınca uzanırdı. Adını yaxınlıqdakı kənddən götürən Yaqublu gölünün sakit səthinə maşının pəncərəsindən boylanıb baxmaq belə insana mənəvi dinclik gətirirdi.



Yol boyu Şahmarlı, Məmişlər, Qarabulaq, Hüseynkənd yazılan lövhələr isə buraların qədim tarixinin yaddaşının qoruyucuları kimi sıralanmışdılar.

Yol kənarında diqqətimi bir baxımsız türbə də cəlb edir.




Bu qədim abidə onun ətrafında vaxtilə mövcud olmuş məzarlığın bir nişanəsidir. Qəbirstanlıqdan indi yalnız xarabalıqları qalıb, başqa gözəçarpan bir iz görünmür. Bu tənha türbə barədə bir az sonra.

“Nəyimiz olmasa da, mənzərəmiz var”

Salamməlik dağ yamacına sığınmış və dörd bir tərəfdən valehedici təbiət mənzərələri ilə əhatələnən kənddir. Kəndin girişində bizi bələdçimiz Yusif Osmanov qarşılayır.


Ətrafa nəzər yetirib kəndin yollarının palçıqdan keçilməz olduğunu anlayırıq. Üzümüzdən “belə yollarla kəndi necə gəzəcəyik?” sualını oxuyan Yusif “siz hələ yaxşı vaxtda gəlmisiniz. Yağış, qar yağan kimi ətraf çamur içində olur” deyir.

Kənd sakinləri ilə söhbətdən məlum olur ki, Birinci Salamməlikdə daxili yollara asfalt heç vaxt çəkilməyib. Yolların keçilməzliyi həmsöhbət olduğumuz Birinci Salamməliklilərin dilə gətirdiyi əsas narahatlıq doğuran məsələ olur.


Salamməlikə gəlişimizi kənardan maraqla izləyən uşaqları görcək Yusifdən məktəb barədə maraqlanıram. O, uçuq-sökük binanın qalıqlarını göstərib “məktəbimiz budur” söyləyir. Məlum olur ki, orta məktəb 1990-cı illərin əvvəllərinə qədər fəaliyyət göstərib. Kənd sakinlərinin köç etməsi təhsil ocağının bağlanmasına gətirib çıxarıb. Birinci Salamməlikin uşaqları qonşu Qarabulaq kəndindəki məktəbə gedirlər. Yerli icra orqanının ayırdığı xüsusi “marşrutka” uşaqları hər gün məktəbə aparıb gətirir. Sakinlər deyirlər ki, yağış və qar səbəbindən yollar keçilməz olanda “marşrutka” kəndə həftələrlə gəlmir və bu səbəbdən uşaqlar davamlı dərsə gedə bilmirlər. Yolsuzluq səbəbindən təcili tibbi yardım maşını çağıranda hərdən gəlib yetişə bilir, hərdən də gələ bilmir.

Keçmiş məktəb binasının qalıqlarının yaxınlığında nisbətən yeni tikili isə xeyir-şər evi kimi kənd sakinləri üçün inşa edilib.

Yusiflə keçilməz yolları çətinliklə addımladıqca ətrafdakı dağ mənzərələrinə valeh olduğumuzu bildiririk. O isə cavabında “nəyimiz olmasa da, mənzərəmiz var” deyir.

“Kəndin əsası XVIII əsrin əvvəlində qoyulub”

Kəndin adının və yaranma tarixçəsi barədə öyrənmək üçün Yusif bizi qohumu Elman Osmanovla görüşdürür. 70 yaşlı Elman müəllimin danışdıqlarından məlum olur ki, kəndin əsasını XVIII əsrin əvvəlində — 1701-ci ildə Yaradanqulu ağa qoyub:

“Yaradanqulu kəndin ağası idi. O, Zəngəzur qəzasında toqquşmalar zamanı Gürcüstana üz tutub. Özü əslən Azərbaycandakı Salamməlikdən olub. Bizim özümüz isə Ağdamdan gəlməyik. Salamməlik Başkeçiddə ilk yaranan azərbaycanlıların kəndi olub”.

“72 evdən 13-ü qalıb”

Kənd ağsaqqalı danışır ki, Salamməlikdən böyük köç 1990-cı illərin əvvələrində Qamsaxurdiyanın vaxtında olub:

“Sovet dövründə kənddə yaşayış yaxşı idi. Sovxozumuz var idi, sakinlər işləyirdi, az-çox maaş alırdılar. Əkin-biçin yerimiz də daha çox idi. Sovet dağıldı, kənd də dağıldı. Hazırda kənddə yaşayış xüsusən də gənclər üçün çox çətindir. Əvvəllər kənddə 72 ev vardısa, hazırda 13-ü qalıb. Kənddən köçənlərin əksəriyyəti Azərbaycana və Rusiyaya pənah aparıblar”.

Salamməlik sakinlərinin yaşayış səviyyəsini evlərin böyük əksəriyyətinin çox köhnə olması aydın göstərir. Kəndə təbii qaz çəkilməyib. İşıq, su, internetlə təminatı isə var. Salamməliklilər kənddə daxili işıqlandırılmanın da olmasını arzulayırlar.

Kənddə əsas məşğuliyyət maldarlıq, qismən də arıçılıqdır. Torpağı bərəkətli və məhsuldardır. Yusifin dediyinə görə, Salamməlikdə üzümdən başqa hər bir meyvə bitir.

Daha yaxşı gələcəyə ümid — Haqverdi

Kəndin yaşlı sakinləri yaşayış şəraitindən şikayətcil olsalar da, daha yaxşı gələcəyə az ümid bəsləsələr də, Yusif kimi gəncləri nikbindirlər. O, Dmanisinin böyük turizm potensialından yaxın gələcəkdə istifadə olunacağına inanır. Soydaşımızın sözlərinə görə, yaxınlıqdakı Yaqublu gölü turizm məkanına çevrilsə, həm ətrafdakı kəndlərin sakinləri üçün yeni iş yerləri açılar, həm də müasir infrastruktur yaradılar. Yusifin nikbin baxışlarını Salamməlik gəncləri arasında bölüşənlər az deyil.

Kəndlə tanışlığımızı Yusifgilin evinin həyətində yekunlaşdırırıq. Evin qapısından qırmızı yanaqlı uşaq boylanıb gülümsəyir.



Yaşyarımlıq körpə babasının Haqverdi adını daşıyır. Birinci Salamməlikin hələ yeriyə bilməyən kiçik sakini özündə köklərinə bağlılıqla yanaşı, soydaşlarımızın qədim yurd yerinin daha yaxşı gələcəyinə ümid və inamını da yaşadır.

Məlumdur ki, bir qədim kəndin tarixini ən yaxşı onun məzarlığı “danışa bilir”. Salamməlikin və yaxınlıqdakı iki kəndin ümumi qəbirstanlığı var. Yusifin söylədiklərinə görə, məzarlıqda üzərində ərəb qrafikalı yazıların olduğu köhnə başdaşılarına rast gəlinir. Yolların keçilməzliyinə və vaxtın azlığına görə qəbirstanlığa təəssüf gedə bilmədik. Lakin məzarlığa baş tutmayan ziyarətimiz Salamməlikə bir daha dönməyimiz və zəngəzurluların Gürcüstandakı izlərini daha ətraflı tədqiq etməyimiz üçün bir bəhanə olacaq.

Sonda yuxarıda qeyd etdiyim tənha türbə haqqında. Yusifdən həmin abidə barəsində maraqlanırıq. O, ətraflı məlumat verə bilməsə də, türbənin vaxtilə bir seyid məzarının üzərində tikildiyini bildirir. Türbənin baxımsız qalması onun mühafizə olunmadığını deməyə əsas verir. Təəssüf ki, məhv olma təhlükəsi ilə üz-üzə olan abidənin tarixi-dini əhəmiyyəti barədə heç bir məlumat əldə edə bilmədik.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR