Bank Of Baku

Azərbaycanda küçə uşaqlarının və qeyri-qanuni əməyə cəlb olunmuş azyaşlıların sayını heç kim dəqiq bilmir – ARAŞDIRMA

Azərbaycanda küçə uşaqlarının və qeyri-qanuni əməyə cəlb olunmuş azyaşlıların sayını heç kim dəqiq bilmir – <font color=red>ARAŞDIRMA</font>
# 03 noyabr 2008 10:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Uşaq əməyinə qarşı ilk etiraz səsini marksist fəlsəfənin banilərindən biri Fridrix Engels qaldırıb. Engels yazırdı ki, sosialistlər hakimiyyətə gələcəkləri təqdirdə ilk mübarizə aparacaqları problemlərdən biri uşaq əməyindən istifadəyə qarşı olacaq. Lakin uşaq əməyinə qarşı mübarizə aparmaq üçün sosialist ideyaların hakimiyyətə gəlməsini gözləmək lazım gəlməyib. İlk dəfə uşaq əməyindən istifadəni qadağan edən qanun 1833-cü ildə Böyük Britaniyada qəbul edilib.
Hazırda bir çoxları hesab edir ki, uşaq əməyi inkişaf etməmiş ölkələrdə daha aktualdır. Reallıqda isə uşaq əməyi ucuz olduğuna görə ondan istifadə daha sərfəli hesab edilir. Keçmiş SSRİ respublikaları arasında uşaq əməyi ilə bağlı ən çox adı hallanan ölkə Özbəkistandır. Hətta bəzi Britaniya şirkətləri Özbəkistanda pambıq istehsalında uşaq əməyindən istifadə olunduğuna görə bu ölkədən pambıq liflərinin alınmasına veto qoymaq istəyiblər.

Hazırda 12 İyun - Beynəlxalq Uşaq Əməyinə Qarşı Mübarizə günü kimi qeyd olunur. Beynəlxalq Əmək Təşkilatının (BƏT) 1970-ci il yanvarın 1-də qəbul olunan konvensiyası 15 yaşdan aşağı uşaqların işə qəbulunu qadağan edir. Lakin BƏT-in elə öz qiymətləndirməsinə görə, inkişaf etməkdə olan ölkələrdə 5-14 yaş qrupunda olan 250 milyondan çox uşağın əməyindən istifadə olunur. Onların 120 milyonu tam iş günü, 130 milyonu isə natamam iş günü əmək fəaliyyəti ilə məşğuldur.

Azərbaycanda vəziyyət necədir?

Azərbaycanda 1998-ci ildə qəbul edilmiş “Uşaq Hüquqları haqqında” qanuna görə, 18 yaşadək olan hər kəs uşaq sayılır. Ölkənin mövcud qanunları - Azərbaycan Respublikası Konstitusiyası, Əmək Məcəlləsi, Ailə və Nikah Məcəlləsi, “Uşaq hüquqları haqqında” qanun Azərbaycanda uşaq hüquqlarını və onların əmək fəaliyyətini tənzimləyir. Qanunların azyaşlıların əmək fəaliyyəti üçün bəzi qadağalar və məhdudiyyətlər qoymasına baxmayaraq, Azərbaycanda uşaqlar hələ də geniş şəkildə istismar olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü APA-ya bildirib ki, milli əmək qanunvericiliyi Azərbaycanda yaşı 15-dən az olan şəxslərin işə qəbul edilməsinə yol vermir. Qanunvericilik Azərbaycanda 16-18 yaş qrupuna daxil olan uşaqların əmək şəraiti ağır və zərərli iş yerlərində, yeraltı işlərdə, uşaqların əxlaqına mənfi təsir göstərən gecə klublarında, barlarda, kazinolarda, spirtli içkilərin, tütün məmulatlarının narkotik vasitələrin və toksik maddələrin istehsalı, daşınması, satışı və saxlanılması yerlərində işləməsinə qadağa qoyur. Dövlət Əmək Müfəttişliyinin apardığı araşdırmalar zamanı məlum olub ki, daha çox ailələrinin maddi imkanları aşağı olan uşaqlar kiçik yaşlarından onlar üçün qadağa qoyulan yerlərdə əmək fəaliyyəti ilə məşğul olurlar. İşəgötürənləri isə uşaq əməyindən istifadəyə müxtəlif səbəblər cəlb edir. Əl əməyindən geniş istifadə olunma, uşaqların əməyinin ucuz qiymətləndirilməsi və onların daha asan idarə olunması işəgötürənləri uşaq əməyindən istifadəyə həvəsləndirir.
N. Şükürlünün sözlərinə görə, qanunvericilikdə uşaq əməyindən istifadəyə yalnız istisna hallarda yol verilir. Orta ümumi təhsil, peşə məktəblərinin 14 yaşına çatmış şagirdləri istehsalata hazırlanmaq üçün dərsdən asudə vaxtda səhhətlərinə ziyan yetirməyən yüngül işlər yerinə yetirməklə, valideynlərin, yaxud onları əvəz edən şəxslərin razılığı ilə işə qəbul edilə bilərlər. DƏM sədri bildirib ki, yaşı 18-dən aşağı olan işçiləri işə qəbul edən işəgötürənlərin üzərinə bəzi öhdəliklər də qoyulur. Belə işçilərlə əmək müqaviləsi bağlanarkən onların əmək və peşə vərdişlərinin artırılması işəgötürən tərəfindən təmin edilməli, bunun üçün də müqavilələrdə əlavə şərt və öhdəliklər nəzərdə tutulmalıdır.
Bəli qanunvericilikdə isə müəyyən qadağa və öhdəliklər əksini tapır. Ancaq işəgötürənlərin azyaşlıları heç bir sənədləşdirmə aparmadan işə cəlb etmələri onları bu öhdəliklərdən “azad edir”.
Uşaqların əmək hüquqlarının qorunması üçün yerlərdə maarifləndirmə və digər tədbirlərin aparılmasına baxmayaraq, yalnız ötən il ərzində DƏM 11 halda uşaq əməyindən düzgün istifadə olunmaması faktı aşkarlayıb. Həmin faktların 5-i nəqliyyat sahəsinə aid olub. 2007-ci ildə istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində yaşı 18-dək olan 4 nəfər zərər çəkib, onlardan 2-i bədən xəsarəti alıb, 2-i həlak olub. Xəsarət halları tikintidə və sənayedə, ölüm halları isə tikintidə baş verib. Bu ilin yanvar-sentyabr aylarında isə 18 yaşa qədər olan uşaqlar arasında xəsarət və ölüm halları olmayıb.

Bakı, Gəncə, Sumqayıt, Şəki və Lənkəran liderdir

“Azərbaycanda uşaq əməyinin istismarı geniş yayılmasa, da var”. Bu isə Uşaq hüquqları üzrə QHT Alyansının rəhbəri Nabil Seyidovun qənaətidir. N. Seyidovun APA-ya bildirdiyinə görə, Azərbaycanda uşaq əməyi kənd təsərrüfatı rayonlarında, Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Şəki kimi iri şəhərlərdə geniş yayılıb.
Maraqlıdır ki, Azərbaycanda istər küçə uşaqlarının, istərsə də qeyri-qanuni əməyə cəlb olunmuş uşaqların sayını nə dövlət orqanları, nə də uşaqlarla işləyən qeyri-hökumət təşkilatları dəqiqləşdirə bilib. Nabil Seyidovun sözlərinə görə, belə bir statistikanı aparmaq mümkün deyil: “Hansısa təxmini hesablamalar aparmaq olar. Adətən, beynəlxalq təşkilatlarda təxmini rəqəmlər olursa, onu 10-a vururlar. Azərbaycanda təxminən 4000-ə yaxın küçə uşağı var. Onların sayı isə mövsümə uyğun dəyişir”.
Qeyd edək ki, QHT Alyansının uşaqların kənd təsərrüfatında işləməsinə münasibəti də birmənalı deyil. N. Seyidov deyir ki, uşaqların təhsilinə və səhhətinə zərər vermədən kənd təsərrüfatında çalışıb ailələrinə kömək etməsinə pis baxmırlar: “Amma elə kənd təsərrüfatı sahələri var ki, orada uşaqların işləməsinə qəti yol vermək olmaz. Məsələn, tütün sahələrində... Uşaqlar tütün sahələrində daha çox şimal-qərb rayonlarında işlədilir”.
BƏT-in konvensiyasına görə, əgər uşaqlar əməyə cəlb olunursa, onların əmək haqqı mütləq böyüklərin əməkhaqqı ilə eyni miqdarda ödənilməlidir. Uşaqlarla əmək müqaviləsinin bağlanmaması isə onların bütün hüquqlarını pozur. N. Seyidovun sözlərinə görə, Azərbaycanda əməyə cəlb olunan uşaqların 90 faizi ilə əmək müqaviləsi bağlanmır. Bu uşaqların əmək müqaviləsi barədə heç təsəvvürləri belə yoxdur. Belə hallar restoran və kafelərdə daha geniş yayılıb.
N. Seyidovun fikrincə, valideynlərlə işəgötürənlər arasında maarifləndirmə işi aparılmalıdır. Bu baxımdan icra hakimiyyətlərinin nəzdindəki Yetkinlik Yaşına Çatmayanlarla İş üzrə Komissiyanın üzərinə çox böyük məsuliyyət düşür: “Bu komissiya sovet dövründən qalma qurumdur. Onların fəaliyyəti məhdud və səmərəsizdir. Bu komissiyalar işləmir. Təhsil Nazirliyində qəyyumluq və himayəçilik orqanı və psixo-tibbi pedaqoji komissiyalar fəaliyyət göstərir. Bu qurumların birləşməsinə, əvəzinə Uşaq Müdafiə Departamentinin yaradılmasına ehtiyac var. Uşaq Müdafiə Departamentləri hər bir rayonda fəaliyyət göstərməli və öncə Təhsil Nazirliyinə tabe olmalıdır. Çünki müəllimlər uşaqları həftənin 6 günü, gün ərzində 5-6 saat görürlər. Uşaqda baş verən dəyişikliyi də öncə müəllim görür. Əgər uşaq məktəbdən yayınırsa, deməli, vəziyyət doğrudan da ciddidir”. Uşaq Müdafiə Departamentlərinin yaranmasının 1 milyon yarım uşağı əhatə edəcəyini deyən N. Seyidovun sözlərinə görə, bu qurumun yaranmasına mütləq dövlətin dəstəyi və nəzarəti lazımdır.

Uşaq polisi niyə yaradılmır?

“Yetkinlik yaşına çatmayan uşaqlar arasında baxımsızlığın və hüquq pozuntularının profilaktikası” haqqında 2005-ci ildə qəbul edilən qanuna görə, Azərbaycanda uşaq polisi yaradılmalıdır. Lakin ölkədə uşaq polisi hələ də yaradılmayıb. Yuvenal polisin hələ də yaradılmamağı isə küçə uşaqlarına qarşı effektiv mübarizəyə mane olmaqla yanaşı, uşaqlarla bağlı baş verən hüquqpozmaların, o cümlədən uşaq əməyinin istismarının da tam rəsmiləşməməsinə səbəb olur. QHT Alyansının hesablamalarına görə, yetkinlik yaşına çatmayanlar hər il 500-dək cinayət törədir. Onların arasında oğurluq, quldurluq, zorlama, qəsdən bədənə xəsarət yetirmə və narkotiklə bağlı cinayətlər üstünlük təşkil edir. Polisdə isə 4000-ə yaxın uşaq qeydiyyatdan keçib. Onların 30-40 faizi çətin tərbiyə olunanlardır. Rəsmi statistikaya görə, il ərzində 10-15 uşaq cinsi istismara məruz qalır. Əslində isə bu rəqəm 10-20 dəfə çoxdur. Cinsi istismara məruz qalanlar arasında qızlar üstünlük təşkil edir.

İşləyən qız uşaqlarının çoxu fahişəliyə cəlb olunur

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdir müavini Ceyran Rəhmətullayevanın bildirdiyinə görə, Azərbaycanda küçə uşaqları ilə bağlı 2003-2006-cı illəri əhatə edən “Azərbaycan Respublikasında baxımsız və küçə uşaqlarının problemlərinin həlli ilə bağlı Dövlət Proqramı” başa çatıb: “Lakin ilk növbədə müəyyən olunmalı idi ki, ümumiyyətlə bizdə bu problem hansı səviyyədədir. Bu günə qədər küçə uşaqları ilə bağlı dəqiq statistika yoxdur. Beynəlxalq Əmək Təşkilatının tədqiqatlarında da göstərilir ki, Azərbaycanda küçə uşaqları küçədə yaşayıb işləyən və küçədə işləyib ailədə yaşayan uşaqlardır. Küçədə işləyib ailədə yaşayan uşaqlar üstünlük təşkil edir. Bu, qaçqın və məcburi köçkün problemi, digər ölkələrdən miqrasiya və əhalinin yoxsulluq səviyyəsinin yüksək olması ilə bağlı idi. Lakin son illər yoxsulluq səviyyəsinin düşməsi bu problemdə valideyn məsuliyyətsizliyinin də rol oynadığını deməyə əsas verir”. Komitə rəsmisinin sözlərinə görə, işləyən uşaqların yaş həddi oğlanlar üçün 12-14, qızlar üçün isə 12-16 yaş təşkil edir. Bu yaşda qızlar daha çox fahişəliyə cəlb olunurlar. Oğlanlar isə maşın yumaq və konduktor işlərində daha çox işləyirlər: “Tədqiqatlar göstərir ki, küçədə işləyən uşaqların aylıq qazancı 20-50 dollar arasındadır. Ən çox qazanc isə 100 dollar olur ki, bu məbləği də fahişəliklə məşğul olan qızlar əldə edirlər. Bu uşaqların yalnız 2 faizi qazanclarını təhsilə sərf edirlər. Qalanlar, əsasən, gündəlik yeməklərini ödəməklə keçinirlər. Bu uşaqların 64,7 faizi tək ana və ya bacı-qardaşları ilə yaşayır”. Komitənin ölkənin müxtəlif regionlarında maarifləndirmə işləri apardığını deyən C. Rəhmətullayeva bildirib ki, küçə uşaqları arasında müxtəlif xəstəliklərə yoluxma riski daha yüksəkdir: “Ölkədə QİÇS-ə yoluxanlar arasında küçə uşaqları da var. Ümumilikdə isə bu problem Azərbaycanda yaşanmaqdadır”.
Yeri gəlmişkən qeyd edək ki, QİÇS-lə Mübarizə Mərkəzinin hesabatına görə, təkcə bu ilin 9 ayı ərzində 0-14 yaş arası 13 nəfər, 15-18 yaş arası isə 5 nəfər QİÇS-ə yoluxub.
Komitənin tədqiqatlarına əsasən, küçə uşaqlarının 98 faizi təhsildən yayınır. Bunu çox ağrıdıcı fakt adlandıran C. Rəhmətullayevanın sözlərinə görə, küçə uşaqları arasında həqiqətən potensialı olan uşaqlar var: “Bu uşaqlar gələcəkdə uşaq alverinin, zorakılığın, cinsi istismarın qurbanı olurlar”.

İnzibati yollarla uşaq əməyinin qarşısını almaq mümkün deyil?

“Uşaq əməyi ilə bağlı qanunvericilik baxımından biz Avropa standartlarından da qabaqdayıq. Reallıqda da Cənub Şərqi Asiya və ya Latın Amerikası ölkələri ilə müqayisədə bizdə uşaq əməyindən istifadəni yox dərəcəsində saymaq olar” kimi nikbin qənaətdə olan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədovun fikrincə, Azərbaycanda uşaq əməyindən istifadə tendensiyası azalmağa doğru gedir. Lakin dövlət əmək sektorunda olmasa da, qeyri-dövlət sektorunda uşaq əməyindən istifadə halları var: “Son illər ticarət, nəqliyyat sektorunda uşaq əməyindən istifadə azalıb. İaşə sektorunda isə uşaq əməyi indi də qalmaqdadır. Gənc qızların barlara cəlb olunması və ya şadlıq evlərində rəqqasə kimi fəaliyyət göstərməsi faktları ilə bağlı bizə siqnallar daxil olur. Bu o yerlərdir ki, bizim qanunvericilik azyaşlı uşaqların fiziki və mənəvi keyfiyyətlərinə zərbə vuran işlərə cəlb olunmasını qadağan edir”. S. Məmmədov hesab edir ki, inzibati yollarla uşaq əməyinin qarşısını almaq mümkün deyil: “Hindistanda məşhur oyuncaq fabriklərindən biri uşaq əməyindən istifadə edirdi. Buna qarşı kampaniya aparıldı və fabrik bunu dayandırdı. Sonra müşahidələr apardılar ki, o uşaqların çoxu və yaxud onların ailə üzvləri acından ölüblər. Elə uşaq var ki, işləməsə, ya özü, ya ailəsi ac qalacaq. Ona görə də imkanı olmayan uşaqlara dövlət müxtəlif müavinətlər verməlidir. Uşaq əməyinin qarşısının alınmasının ən effektiv yolu ünvanlı sosial yardımdır. Lakin bu sahədə ciddi qüsurlar qalmaqdadır. Bu problemin qarşısını almaq üçün əvvəlcə uşağın qarnını doydurmaq lazımdır. Onu doydurmayana qədər heç bir inzibati yol səmərə verməyəcək”.

Uşaqlar üçün şərait var, bəs nə çatmır?

Bu gün uşaqların əmək fəaliyyətinə cəlb olunması sözsüz ki, reallıqdır. Cəmiyyətdə sosial ədalətin göstəricisi olan bu fakta müxtəlif aspektlərdən yanaşmaq olar. Amma bu məsələdə başqa bir ciddi faktor diqqətdən qaçmamalıdır. Uşaqların asudə vaxtlarından səmərəli istifadə etmələri üçün dərnəklərin hamısı demək olar ki, pulludur. Əksər hallarda ailələrdə uşağın təminatına vəsaiti çatan valideyn, onun asudə vaxtının təşkili üçün pul xərcləmək istəmir, yaxud da buna imkanı olmur. Belə vəziyyətdə azyaşlılar həmin vəsaiti özləri qazanmaq həvəsinə düşürlər.
Belə vəziyyətdə bir neçə situasiya yaranır:

- Birinci, pul qazanılır və nəzərdə tutulmuş təyinat üzrə (idman və s. dərnəklərə) sərf edilir.

- İkincisi, pul qazanıldıqdan sonra onun xərclənməsi istiqaməti dəyişir. Yeni və cəlbedici istiqamət (siqaret, alkoqollu içkilər və sonda narkotik) tapılır.

- Üçüncüsü, pul qazanıldıqdan sonra valideyn bu pulun uşağın özünün yox, ailənin tələblərinə sərf olunmasını məqbul hesab edir. Müəyyən hallarda bu tələb ailədə valideyn və uşaq arasında uçurum yaradır.

Bütün hallarda uşaqların pul qazanmaq məcburiyyətində qalmaları arzuolunmaz haldır. Amma bunun qarşısının alınmasından söhbət gedirsə, uşaqların əmək fəaliyyətinə sərf edəcəkləri vaxtın səmərəli keçirilməsinə də diqqət yetirilməlidir. Əks halda boş vaxtdan səmərəli istifadə etmək istəyi uşaqların arzuolunmaz yola düşməsi ilə nəticələnə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR