Bank Of Baku

Qənirə Paşayeva: "Toleyrantlıq təkcə Azərbaycan təhsil sisteminin deyil, dövlətin siyasətinin tərkib hissəsidir"

Qənirə Paşayeva: "Toleyrantlıq təkcə Azərbaycan təhsil sisteminin deyil, dövlətin siyasətinin tərkib hissəsidir"
# 15 noyabr 2008 17:36 (UTC +04:00)
Antalya-APA. Bu gün Türkiyənin Antalya bölgəsində “Dialoq Avrasiya” (DA) Platforması çərçivəsində Türkiyə Təhsil Nazirliyi ilə DA-nın dövrü rəhbərliyini həyata keçirən Rusiya Milli Komitəsinin birgə təşkil etdiyi “Təhsildə toleyrantlıq və ayrımçılıq” mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan nümayəndə heyəti adından çıxış edən Prezident Aparatı ictimai–siyasi şöbəsinin rəhbəri Əli Həsənov toplantının əhəmiyyətindən danışıb. Şöbə müdiri müasir dünya, həmçinin bölgə üçün toleyrantlığın əhəmiyyətinin getdikcə daha da artdığını, bu məsələdə təhsilin çox böyük önəm kəsb etdiyini bildirib. Ə. Həsənov deyib ki, bir xalqın toleyrantlıq, digər mədəniyyətlərə və xalqlara hörmətlə yanaşmasının bünövrəsi məhz təhsil sistemi vasitəsilə qoyulur.

Daha sonra sessiyalar başlayıb. Sessiyada məruzə ilə çıxış edən Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayeva tədbirin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, mövzunun aktual olduğunu deyib. Millət vəkili mövzu ilə bağlı çıxışını Ermənistan-Azərbaycan münaqişəsinə toxunmaqla izah edib. O deyib ki, uzun müddət Ermınistan təhsil sistemi ermənilərə türklərin onlara düşmən olduğunu aşılıb. Bu prosesin indi də davam etdiyi deyən millət vəkili bunun təkcə Ermənistan təhsil sistemindən deyil, bunun Ermənistanın dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb: “Ermənistanda təkcə dərsliklərldə deyil, ayrı-ayrı ziyalıların yazdıqları kitablarda, mediada da bu təbliğat dayanmadan aprılır. Bu təbliğatın nəticəsidir ki, hələ SSRİ dövründə Ermənistan dəfələrlə azərbaycanlıları tarixi torpaqlarından qovaraq, mono etnik dövlət yaratdı. Amma təəssüf ki, dünya aydınları buna ciddi təpki vermədilər. Bu səssizliyin nəticəsi olaraq isə, Ermənistan öz bədnam siyasətini davam etdirərək, Azərbaycan torpaqlarını işğal etdi”.

Millət vəkili ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında təkcə etnik təmizləmə siyasəti aparmadıqlarını, həm də Xocalı başda olamqla bir neçə soyqırım törətdiklərini xatırladıb: “Ermənistanın zaman-zaman aşıladığı o nifrət hissinin nəticəsi olaraq, həmin soyqırımlarda ermənilər insanlığa sığmayan hərəkətlər edərək, dinc və köməksiz insanlara, uşaqlara, qadınlara, qocalara qarşı vandallıqlar törətdilər. Minlərlə insan məhz azərbaycanlı olduğuna görə, belə xüsusi amansızlıqla qətlə yetirildilər ki, bunu da beynəlxaql prinsiplərlə adı soyqırımdır. Amma dünyadan yenə lazımı dəstəyi və Ermənistana qarşı təzyiqi görmədik. Belə olanda Azərbaycan cəmiyyətində maraqlı bir polemika başladı. “Bəlkə biz də övladlarımızı elə nifrətlə böyütməliydik?” deyə, suallar səslənməyə başladı”.

Q. Paşayeva bildirib ki, ziyalıları harada baş verməsindən asılı olmayaraq, belə məsələlərə barədə açıq danışmağa, etiraz səslərini ucaltmağa çağırıb: “Biz yaxşı və pisləri müzakirə edərək, yaxşıları yaymalı, pisləri isə müxtəlif platformalarda müzakirə edərək, qarşısını almağa çalışmalıyıq. Məsələn, Azərbaycanın toleyrantlıqla bağlı bütün dünyanın qəbul etdiyi yaxşı nümunəsini yaymaq hər bir aydının borcudur. Azərbaycan dövlətinin siyasətinin tərkib hissəsi olaraq, bizim təhsil sistemində başqa xalqlara və dinlərə qarşı nifrət, dözümsüzlük təbliğ olunmur. Ona görə də Azərbaycanda müxtəlif xalqların nümayəndələri qarşılıqlı hörmət və anlaşma şəraitində rahat yaşayırlar. Onlar mənsub olduqları dinə problemsiz ibadət edir, dillərini və mədəniyyətlərini yaşadırlar. Bu baxımdan beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan həmişə yüksək qiymətləndirilir”.

Q. Paşayeva bu gün dünyanı narahat edən dözümlüsüzlüyün, ksenofobiyanın, ayrı-seçkiliyin artmasına qarşı media ilə birgə ciddi iş aparılmasının vacibliyini də vurğulayıb. O, təəssüflə qeyd edib ki, bir çox hallarda media bu məsələlərin kəskinləşməsinə daha çox xidmət edir. O, toplantının sonunda mediaya çağırış müraciəti qəbul olunmasını təklif edib: “ Qlobollaşan dünyada hər bir millət öz dilini və mədəniyyətini, yəni kimliyini assimlyasiyadan qorumağa çalışır. Amma çox təəssüf ki, bəziləri bunu başqa mədəniyyət və sivilizasiyalara nifrət aşılamaqla etmək istəyirlər. Dünyanın gələcəyini düşünən aydınlar bütün bunlara qarşı birgə mübarizə aparmağa çalışmalıdırlar”.

Millət vəkili bu gün dünyanın bəzi bölgələrində artan ksenofobiya, islamofobiya, antisemitizm meyillərinin qarşısının alınması istiqamətində ziyalıların böyük rola malik olduğunu vurğulayıb.

Daha sonrakı sessiyada çıxış edən Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev də dövlətin gənclər siyasəti və təhsillə bağlı gördüyü işlərdən danışıb. Nazir müavini qeyd edib ki, Azərbaycan müxtəlif ölkələrdən olan gənclərin birgə tədbirlər keçirmələri, bir-birlərini yaxından tanımaları və ölkələrini, təmsil etdikləri mədəniyyətlər barədə qarşılıqlı fikir mübadiləsi etmələri üçün mütəmadi layihələr həyata keçirir, görüşlər təşkil edir: “ Biz toleyrantlıq, dözümlülüklə bağlı gənclər təşkilatlarının layihələrini dəstəkləyir, gənclərin belə mühitdə inkişafı üçün şərait yaradırıq”.

Daha sonra çıxış edən Qazaxıstan nümayəndə heyətinin üzvü Orazalin Nurlan da çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunub. O deyib ki, türk dünyası və region ölkələri Dağlıq Qarabağ probleminin mahiyyətini bilirlər: “Lakin biz hələ də bu münaqişə, Azərbaycanın münaqişədən zərər çəkməsi ilə bağlı dünya ictimaiyyətini məlumatlandıra, həqiqətləri beynəlxalq aləmə tam təfərrüatı ilə çatdıra bilməmişik”.

Qeyd edək ki, sabah DA-nın Baş Məclisinin toplantısı keçiriləcək. Toplantıda yeni dönəm üçün başqan seçiləcək.

Xatırladaq ki, toplantıda Azərbaycandan nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinə Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, MTRŞ sədri Nuşirəvan Məhərrəmli, gənclər və idman nazirinin müavini İntiqam Babayev, millət vəkilləri Nizami Cəfərov, Rəbiyyət Aslanova, Qənirə Paşayeva, Azay Quliyev, APA-nın baş direktoru Vüsalə Mahirqızı, “Zaman-Azərbaycan” qəzetinin baş redaktoru Enes Cansever, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, DJL-nin sədri Yadigar Məmmədli, “Xəzər” televiziyasının rəhbəri Hüseyn Dinləməz, Qulu Məhərrəmli. “İrəli” hərəkatının sədri Ceyhun Osmanlı və başqaları daxildirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR