Bank Of Baku

Göyçayda yaşayan Qafqaz İslam Ordusunun əsgərlərinin övladları atalarının xatirəsinin əbədiləşdirilməsini istəyir

Göyçayda yaşayan Qafqaz İslam Ordusunun əsgərlərinin övladları atalarının xatirəsinin əbədiləşdirilməsini istəyir
# 17 noyabr 2008 12:42 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov-APA. Xilaskar Qafqaz İslam Ordusunun tərkibində Azərbaycana türk əsgərlərindən bir neçəsi Göyçayda qalaraq vətəninə geri dönməyib. APA-nın Şirvan bürosunun məlumatına görə, Əli (çavuş) və Lazım adlı əsgərlər Göyçayın Qarabaqqal kəndində ailə quraraq uzun illər burada yaşayıblar. Hazırda qəhrəman türk əsgərlərinin övladları həmin kənddə yaşayırlar. Lazım Əliyevin 80 yaşlı oğlu Yaqub Əliyev APA-nın Şirvan bürosuna verdiyi açıqlamada atasının xatirəsinin əbədiləşdirilməsini arzuladıqlarını bildirib: “1940-cı ildə ailəmiz Kəlbəcərə köçürülüb. Uzun illərdir atamızın Kəlbəcərdəki məzarını ziyarət etmək həsrəti ilə yaşayırıq. Göyçayda qalan digər türk əsgəri Əli Çavuşun məzarı isə Qarabaqqal kəndinin qəbiristanlığındadır. Atalarımızın ruhunun şad edilməsi üçün kənddə kiçik bir abidənin və ya xatirə lövhəsinin qoyulmasını istəyirik. Bu, bütövlükdə qəhrəman türk əsgərlərinin xatirəsinə göstərilən bir ehtiram olardı. Axı, 1918-ci ilin iyul-avqust aylarında general-mayor Nuru Paşanın komandanlığı ilə türk ordusunun erməni-rus işğalçılarına qarşı apardığı ilk ölüm-dirim savaşı da, düşmənlərə vurulan ilk ağır zərbələr və müharibədə yaranan dönüş nöqtəsi də, türk şəhidlərinin qanı töküldüyü döyüşlərdən ən böyüyü də məhz Qarabaqqal ərazisində olub”. Kənd sakinləri bu gün rayonun Bığır, Müskürlü və Qaraməryəm yaşayış məntəqələrində naməlum türk hərbiçilərinin məzarlarının olduğunu bildirirlər.

Qarabaqqal kənd sakini Böyükağa Mürsəlovun ailəsi üzərində boya ilə Nuru Paşanın portreti çəkilmiş sinini hələ də yadigar saxlayır. 75 yaşlı Böyükağa Mürsəlovun sözlərinə görə, əmisi Qaçaq Məhəmməd həmişə bolşeviklərə, ermənilərə qarşı döyüşüb və 29 yaşlı general-mayor Nuru Paşa ilə dost olub: "Nəslimizin tanınmış adamlarından bir neçəsi repressiya qurbanı olub, qalanları isə Rusiya və Qazaxıstana sürgün edilib. Anam məni çox əziyyətlə böyüdüb, oxudub. Ailəmiz çox çətinliklər çəksə də, Nuru Paşanın bu yadigarını qiymətli hədiyyə kimi 90 il qoruyub saxlamışıq. Əgər istəsələr, bu sinini muzeyə hədiyə etməyə hazırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR