Bank Of Baku

Azərbaycan piyadalar əleyhinə minalarla bağlı BMT-yə ilk hesabatını təqdim edib

Azərbaycan piyadalar əleyhinə minalarla bağlı BMT-yə ilk hesabatını təqdim edib
# 21 noyabr 2008 14:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv olunması” haqqında Ottava Konvensiyasının 7-ci maddəsinə uyğun olaraq ilk hesabatını BMT-yə təqdim edib. Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov məlumat verib. N. İsmayılovun sözlərinə görə, hesabat Xarici İşlər Nazirliyi tərəfindən BMT-nin Baş Ofisinə və digər beynəlxalq təşkilatlara göndərilib: «Azərbaycan müharibə şəraitində olduğundan Ottava Konvensiyasına qoşulmayıb. Bununla belə, təqdim etdiyimiz hesabat rəsmi Bakının beynəlxalq hüquqa riayət etməsinin əyani sübutudur. Bu hesabatda mina və partlamamış hərbi sursatların ləğvi sahəsində gördüyümüz işlər qeyd olunub. BMT və digər beynəlxalq təşkilatlar Azərbaycanın hesabatını müsbət qarşıladılar».

ANAMA rəhbərinin sözlərinə görə, hesabata mərkəzi hökumətin nəzarətindən kənarda qalmış, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonundakı vəziyyət daxil edilməyib.

N. İsmayılov bildirib ki, noyabrın 24-də Cenevrədə piyadalar əleyhinə minaların qadağan olunmasına həsr olunmuş tədbirdə sənədin təqdimatını keçirəcək.

Qeyd edək ki, “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv olunması” haqqında Konvensiya 1997-ci ildə Ottava şəhərində (Kanada) imzalanıb. Hazırda 156 ölkə Konvensiyasının tam hüquqlu üzvüdür, Azərbaycan və Cənubi Qafqaz dövlətləri də daxil olmaqla, 39 ölkə Konvensiyaya qoşulmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR