Bank Of Baku

Ekspert: “Birinci siniflər üçün hazırlanan builki riyaziyyat komplektində 1000-dən çox elmi-pedaqoji səhv var”

Ekspert: “Birinci siniflər üçün hazırlanan builki riyaziyyat komplektində 1000-dən çox elmi-pedaqoji səhv var”
# 28 noyabr 2008 12:57 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “Birinci siniflər üçün hazırlanan builki riyaziyyat və həyat bilgisi dərslik komplektlərində saysız-hesabsız səhvlər var. Mənim əsas tənqid hədəfim riyaziyyat komplektidir”. Bu sözləri APA-ya fizika-riyaziyyat elmlər namizədi Əlövsət Osmanlı deyib. Onun sözlərinə görə, riyaziyyat komplektində 1000-dən çox elmi-pedaqoji səhv var: “Dərslikdə mövzularla öyrədilən materiallar bir-birinə uyğun gəlmir. Çoxlu sayda qondarma mövzular var. Bir çox hallarda təhriflərə yol verilib. Birinci siniflərdə 20 dairəsində ədədlər öyrənildiyi halda, bir çox hallarda bu dairədən kənara çıxılıb. Kurrikulumda nəzərdə tutulmayan çoxlu anlayışlar daxil edilib. Məsələn, ədədin ikiqatı, ədədlər ailəsi, ədəd oxu, simmetriya, temperatur, dərəcə Selsi, qrafik məlumat, barqraf, teliqraf, piktoqram, ehtimal və s.”.
Digər ölkələrin dərsliklərində demək olar ki, səhvin olmadığını deyən Ə. Osmanlı bu komplektdəki səhvlərin yaranması səbəbini müəlliflərin qeyri-peşəkarlığı ilə yanaşı, onların bu ildən tətbiqinə başlanılan kurrikulumdakı standartların mahiyyətini anlamadıqları səbəbindən qaynaqlandığını da söyləyib: “Riyaziyyat fənni üzrə kurrikulumda məzmun standartları var. Bu standartlarla təsbit olunan bacarıqların mahiyyətini bilən adam hələlik, azdır. Bütün səhvlərin yaranması buradan qaynaqlanır. Kurrikulum tətbiq edilməmişdən əvvəl kurrikuma dəstək məqsədi ilə standartların mahiyyətini açan fundamental iş görülməli idi. Təəssüflər olsun ki, bu iş görülmədi. Məhz standartlarda təsbit olunmuş bacarıqların mahiyyəti açıqlanmadığı üçün hazırkı müəlliflər, müəllimlər, metodistlər ciddi problemlərlə üzləşirlər. Adı çəkilən komplektlərin bu cür urvatsız səviyyədə olmasının səbəbi də elə budur. İbtidai siniflər üçün riyaziyyat üzrə kurrikulumun standartlar hissəsini mən hazırlamışam, amma son anda kurrikulumun ala-yarımçıq olduğunu gördükdə nazirliyə rəsmi məktub yazaraq, müəlliflər siyahısından çıxarılmağımı xahiş etdim. Hətta nazirliyin milli məsləhətçi kimi müqavilə ilə mənə verəcəyi 5600 ABŞ dollarından da imtina etdim”.
1999-cu ildən 2008-ci ilə qədər 1-4-cü siniflər üçün riyaziyyat dərsliyi yazdığını deyən Ə. Osmanlı yeni birinci sinif dərslik komplektinə qarşı olan münasibətinin qısqanclıqla bağlı olmadığını söyləyib. Onun sözlərinə görə, bu dərsliyin yazılması üçün elan edilən müsabiqədə iştirak etsə də, sonradan prosesdən kənarlaşdırılıb: “Müsabiqəyə iki komplekt təqdim olunub ki, onlardan biri bizimki idi. Kitabımızı qəsdən sıradan çıxardılar. Təqdim etdiyimiz komplektdə bircə dənə ciddi səhv tapılsa, mən onda qələmimi yerə qoyacağam. Müsabiqədə Əlövsət Osmanlı arzuolunmaz adam idi. Hamıya bəllidir ki, mən dərslik nəşri sahəsindəki nöqsanları görüb susmayan adamam. Hətta hörmətli nazirimizin dərsliklərini də açıq-açığına tənqid etmişəm. Ona görə də nazirliyin Əlövsət Osmanlıdan "canını qurtarmasının" yeganə yol bu idi ki, o, bu sistemdən çıxarılsın. Buna görə də dərslik komplektimizi təsdiq etmədilər. Amma mən öz mübarizəmi qanuni yollarla davam etdirməkdə qərarlıyam”.
Təhsil Nazirliyi yanında Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) sədri Elmina Kazımzadə isə APA-ya açıqlamasında bildirib ki, dərsliklər müəyyən edilmiş meyarlarla qiymətləndirilir. Ə. Osmanlının birinci sinif “Riyaziyyat” dərsliyi barəsində söylədiyi fikirlərə münasibət bildirən E. Kazımzadə bu nəşrdə 1000-dən çox elmi-pedoqoji səhvin olmasını real saymadığını deyib. Şura sədri qeyd edib ki, ideal dərslik yoxdur, ən ideal dərslikdə belə müəyyən səhvlər tapıla bilər: “Mən dərsliklərdə səhvlərin siyahısını tutmuram. Çünki məni maraqlandıran “səhvlər müsabiqəsi” deyil. Əgər mən desəm ki, heç bir dərslikdə heç bir səhv yoxdur. Onda bu, qeyri-real olardı. Biz ideal dərslik axtarmalı deyilik. Bizi maraqlandırılan əsas məsələ yeni dərsliyinin kurrikuluma xidmət edib-etməməsidir. Biz məktəblərə elə dərslik təqdim etməliyik ki, həm məktəbi, həm müəllimi, həm şagirdi düşündürsün. Məni əsas maraqlandıran şəffaf və obyektiv qiymətləndirmədir. Mən ən böyük səhv onu hesab edirəm ki, dərslik əzbərçiliyə yönəldilsin. Ola bilsin ki, həmin dərslikdə heç bir qrammatik səhv yoxdur, amma onun didaktik dəyəri o qədər də əhəmiyyətli deyil. Mən belə dərslikləri səhv hesab edirəm”.
E. Kazımzadə bildirib ki, Ə. Osmanlı DQŞ-nın təşkil etdiyi müsabiqəyə üç dərslik komplekti təqdim edib. Şura sədri həmin müəllifin dərsliklərinin müsabiqədən keçməməsinin səbəbini onların yüksək bal toplamaması ilə izah edib: “Çox təəssüf ki, həmin dərslikləri Əlövsət Osmanlı artıq məktəblərdə tətbiq edib. Mənə elə gəlir ki, növbəti müsabiqədə o, həmin dərsliklərin keyfiyyətini yüksəldərək yenidən iştirak edə bilər”.
DQŞ rəhbəri onu da qeyd edib ki, ikinci siniflər üçün dərsliklərin qiymətləndirilməsi gələn il çox fərqli və daha peşəkar səviyyədə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR