Bank Of Baku

Azərbaycanda aylıq pensiyaların orta məbləği orta aylıq əmək haqqının 34%-ni təşkil edir

Azərbaycanda aylıq pensiyaların orta məbləği orta aylıq əmək haqqının 34%-ni təşkil edir
# 21 may 2009 07:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda əhalinin sosial müdafiəsi orqanlarının qeydiyyatında 1 283,8 min nəfər pensiyaçı olub və onlar ölkə əhalisinin 15%-ni təşkil edib. Pensiyaçıların 65%-i yaşa görə, 24%-i əlilliyə görə, 11%-i isə ailə başçısının itirilməsinə görə pensiya alıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 29% artaraq 98,79 manat olub və orta aylıq əmək haqqının 34%-ni təşkil edib.

Dövlət Sosial Müdafiə Fondunun məlumatlarına əsasən, cari ilin 3 ayı ərzində əhaliyə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün 400,6 mln. manat və ya ötən ilin müvafiq dövründən 38% artıq vəsait yönəldilib. Vəsaitin 389,9 mln. manatını əhaliyə ödənilən pensiya, 10,7 mln. manatını isə müavinət xərcləri təşkil edib.

Müavinətlərin 3,9 mln. manatı hamiləliyə və doğuma görə, 3,4 mln. manatı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 1,9 mln. manatı dəfn üçün, 1,5 mln. manatı isə digər ödəmələrin payına düşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına görə isə, cari ilin I rübündə 286,9 min nəfərə ümumilikdə 9,868 mln. manat məbləğində sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 18,2 min nəfər, əlilliyə görə - 90,4 min nəfər, ailə başçısının itirilməsinə görə - 31,2 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 56,5 min nəfər təşkil edib.

Əmək pensiyasını almaq hüququ olmayan 55,4 min nəfərə 1,347 mln. manat məbləğində kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzinə aylıq müavinət təyin olunub.

Eyni zamanda, hesabat dövründə 11,7 min ailədə olan 22,8 min uşağa müavinət təyin olunub. Bu müavinətləri şəhid ailələri, müharibə əlilləri, I və II qrup Çernobl AES əlilləri və müddətli hərbi xidmət qulluqçularının uşaqları alıb. Həmçinin, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların 1 058 nəfər qəyyumlarına 26,5 min manat məbləğində müavinət təyin olunub.

Bundan başqa, 28,7 min nəfərə 1,778 mln. manat məbləğində, o cümlədən 1,094 mln. manat uşağın doğulmasına görə, 631,8 min manat radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslərin müalicəsi üçün və 51,7 min manat dəfn üçün birdəfəlik müavinət verilib.

Hesabat dövründə ölkə qarşısında xüsusi xidmətlər göstərmiş 31,2 min nəfər 2,924 mln. manat məbləğində aylıq təqaüd alıb.

Cari il aprel ayının 1-i vəziyyətinə ölkədə 173,3 min ailənin 791,3 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb, onların 401,1 min nəfəri qadın, 381,7 min nəfəri uşaq olub, 1 nəfərə düşən orta aylıq məbləğ isə 21,75 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR