Bank Of Baku

Vətəndaşların ərizə və şikayətləri ilə əlaqədar Lənkəranda zona seminar-müşavirəsi keçirilib

Vətəndaşların ərizə və şikayətləri ilə əlaqədar Lənkəranda zona seminar-müşavirəsi keçirilib
# 25 may 2009 15:01 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Azərbaycan Prezidenti Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi Lənkəranda zona seminar-müşavirə keçirib. APA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran iqtisadi zonasına daxil olan rayonların icra hakimiyyəti strukturları nümayəndələrinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, bələdiyyə sədrlərinin və digər ayrı-ayrı aidiyyəti qurumların rəhbərlərinin iştirak etdiyi tədbir vətəndaşların müraciətlərinə baxılması işinin vəziyyəti və normativ hüquqi aktların təhlilinə həsr olunub.
Müşavirədə Prezident Administrasiyasının ümumi şöbəsinin müdir müavini İsrafil Qurbanov çıxış edərək, vətəndaşların müraciətlərinə baxılmasının dövlət tərəfindən daim diqqət mərkəzində saxlanıldığı vurğulayıb. Onun sözlərinə görə, Prezident Administrasiyasına ünvanlanmış məktub və müraciətlərin əksər hissəsi Lənkəran iqtisadi zonasına daxil olan rayonlarının sakinləri tərəfindən göndərilib. Belə ki, müraciətlərin sayı cənub bölgəsi üzrə 2007-ci ildə 6709, 2008-ci ildə isə 7365 təşkil edib. Lerik və Cəlilabad rayonlarından daxil olan müraciətlərin sayında azalma müşahidə edilsə də, Astara rayonundan daxil olan ərizə və şikayətlərin sayı çoxalıb. Administrasiyaya ünvanlanan ərizə və şikayətlərin məzmununun əsasən ünvanlı sosial yardım, torpaq məsələləri, hüquq - mühafizə orqanlarının fəaliyyəti ilə bağlı olduğunu qeyd edən İ. Qurbanov 6 rayon üzrə ötən il 15 min 382 nəfər vətəndaşın yerli icra hakimiyyəti aparatlarının vəzifəli şəxsləri tərəfindən qəbul olunduğunu bildirib. Seminar-müşavirədə həmçinin vətəndaşların müraciətlərinə baxılması sahəsində bəzi rayonların müsbət təcrübəsindən, bu işdə yeni iş üsullarının tətbiqindən də söz açılıb. Sonda ayrı-ayrı rayonlar üzrə hesabatlar dinlənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR