Bank Of Baku

Azərbaycan paytaxtında dünyada məcburi əməyin vəziyyəti ilə bağlı Qlobal Hesabatın təqdimatı keçirilib

Azərbaycan paytaxtında dünyada məcburi əməyin vəziyyəti ilə bağlı Qlobal Hesabatın təqdimatı keçirilib
# 27 may 2009 11:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) dünyada məcburi əməyin vəziyyəti ilə bağlı hazırladığı Qlobal Hesabatın təqdimat mərasimi keçirilib. «APA-Economics»in məlumatına görə, BƏT-in Cənubi Qafqazda insan alverinə qarşı mübarizə proqramının rəhbəri Jolt Dudas bildirib ki, təşkilat hər il dünyada Məcburi Əməyə dair Qlobal Hesabat hazırlayır və ictimaiyyətə təqdim edir. Təqdimat hər il dünyanın bir sıra dövlətin paytaxt şəhərlərində təşkil edilir. Bu il BƏT Qlobal Hesabatın təqdimatını Vaşinqton, Nyu-York, Braziliya, Lissabon, Berlin, Tokio və Moskva kimi şəhərlərlə yanaşı, Bakıda da keçirməyi planlaşdırır.

BƏT nümayəndəsinin sözlərinə görə, qlobal hesabatda müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların bu sahədə üzləşdikləri problemlərin həcmi və məzmunu, məcburi əməyə qarşı görülən siyasi, hüquqi, iqtisadi tədbirlərin mahiyyəti barədə məlumat verilir. Eyni zamanda, hesabat məcburi əmək və insan alveri cinayətkarların qarşısının alınmasında əmək inzibatçıları və hüquq mühafizə orqanlarının rolunu qeyd edir: «Hər il dünyada 12,4 mln. nəfər məcburi əməyə cəlb olunur. Bunların da 2,4 mln. nəfəri insan alverinin qurbanlarıdır».

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin demoqrafiya və məşğulluq şöbəsinin müdiri Vahab Məmmədov isə ölkə hökumətinin məcburi əməklə mübarizə istiqamətində gördüyü tədbirlərdən danışıb. Azərbaycanın bu sahədə beynəlxalq konvensiyaların tələblərini yerinə yetirdiyini deyən V.Məmmədov qarşıdakı illərdə də bu cür tədbirlərin davam etdiriləcəyini vurğulayıb.

«Hesab edirik ki, bu sahədə monitorinq sistemi qurulmalı, eyni zamanda digər ölkələrin də təcrübəsi öyrənilməlidir. Hökumət tərəfindən müəyyən resurslar yaradılıb, nazirliyin artıq bu sahədə müəyyən təcrübəsi var», - deyə nazirlik rəsmisi vurğulayıb.

V.Məmmədov ƏƏSMN tərəfindən ötən il həyata keçirilmiş işlər nəticəsində 25 minə yaxın işçinin əmək fəaliyyətinin leqallaşdırıldığını, ümumilikdə isə həyata keçirilən müvafiq tədbirlər nəticəsində əmək fəaliyyəti leqallaşan işçilərin sayının 4 dəfəyə yaxın artdığını bildirib. Yaxın vaxtlarda İnsan alverinə qarşı QHT Koalisiyası və ƏƏSMN arasında memorandum da imzalanacaq.

Daxili İşlər Nazirliyinin insan alverinə qarşı mübarizə idarəsinin rəisi Cavad Şıxəliyev isə vətəndaşların məcburi əməyə cəlbi, həmçinin insan alveri ilə mübarizə sahəsində görülən işlər barədə məlumat verib. İnsan alveri qurbanları ilə bağlı milli istiqamətləndirici Proqramın hazırlanaraq təsdiq üçün hökumətə təqdim olunduğunu bildirib. C.Şıxəliyevin sözlərinə görə, 2008-ci ildə insan alveri ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən 76 fakt aşkar edilib, cinayət törətmiş 91 nəfər məsuliyyətə cəlb olunub, 43 cinayətkar qrup zərərsizləşdirilib. Məcburi əməyə cəlb etmə ilə bağlı isə cari ilin ötən dövründə 4 fakt aşkarlanaraq müvafiq tədbirlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR