Bank Of Baku

Azərbaycanda 18 yaşadək uşaqlar ölkə əhalisinin 29%-ni təşkil edir

Azərbaycanda 18 yaşadək uşaqlar ölkə əhalisinin 29%-ni təşkil edir
# 01 iyun 2009 07:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda Azərbaycanda 18 yaşadək uşaqlar ölkə əhalisinin 29%-ni təşkil edir. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ildə Azərbaycanda 152,1 min, cari ilin ilk dörd ayı ərzində isə 48,4 min körpə dünyaya gəlib ki, onların da 53,4%-ni oğlan, 46,6%-ni isə qızlar təşkil edib. Hesablamalara görə, ötən il doğulan uşaqlar üçün gözlənilən ömür uzunluğu 72,6 yaş, o cümlədən oğlanlarda 69,9, qızlarda isə 75,4 yaş təşkil edib. Doğulan uşaqlara ən çox qoyulan oğlan adları Məhəmməd, Əli, Hüseyn, Murad və Nihad, qız adları isə Fatimə, Zəhra, Nərmin və Nuray olub.
Bu ilin aprel ayının 1-i vəziyyətinə ölkədə 11,7 min ailədə olan 22,8 min uşağa aylıq sosial müavinət təyin olunub. Bu müavinətləri alan uşaqların 1,8 mini şəhid ailələrinin, 16,4 mini müharibə əlillərinin, 4 mini I və II qrup Çernobıl əlillərinin, 0,6 mini isə müddətli xidmətdə olan hərbi qulluqçuların uşaqları olub. Həmçinin, sağlamlıq imkanları məhdud olan 56,5 min uşağa və 10,7 min ailənin 1 yaşınadək olan 10,8 min uşaqlarına aylıq, 23,6 min ailəyə 24 min uşağın doğulmasına görə birdəfəlik sosial müavinətlər verilib. Bundan əlavə, 173,3 min ailənin 381,7 min uşağı ünvanlı dövlət sosial yardımı alıb.
Bundan başqa, cari ilin əvvəlinə ölkədə uşaqlara tibbi xidmət göstərən 591 poliklinika, ambulatoriya və uşaq şöbəsi olan müəssisələrdə 4,5 min nəfər həkim pediatr çalışıb.
İdman sahəsinə gəldikdə, bu ilin əvvəlinə ölkədə idman seksiyalarında məşğul olan uşaqların sayı 339 min nəfər təşkil edib. Uşaqlar daha çox futbol, voleybol, şahmat, yüngül atletika, sərbəst güləş, basketbol və stolüstü tennis kimi idman növlərinə maraq göstərib.
Hazırda Azərbaycanda 1 612 məktəbəqədər təhsil müəssisəsi, 4 550 gündüz ümumtəhsil məktəbi, 108 peşə məktəbi və peşə liseyi, 60 orta ixtisas təhsil müəssisəsi, 48 ali məktəb fəaliyyət göstərir. Bu gün Mədəniyyət və Turizm Nazirliyi sisteminin klub müəssisələrində 3 672 uşaq dərnəkləri və kollektivləri, 104 uşaq kitabxanası və 234 uşaq musiqi incəsənət və rəssamlıq məktəbləri fəaliyyət göstərir.
Qeyd edək ki, dövlət başçısının sərəncamına əsasən 2009-cu il Azərbaycanda «Uşaq ili» elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR