Bank Of Baku

Məktəbdə təhlükəsizlik sahəsində pilot layihə həyata keçirilib

Məktəbdə təhlükəsizlik sahəsində pilot layihə həyata keçirilib
# 01 iyun 2009 11:20 (UTC +04:00)
Bakı – APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Səbail rayonundakı Osman Mirzəyev adına 190 saylı orta məktəbində respublikada ilk dəfə olaraq təhlükəsizlik sahəsində pilot layihə həyata keçirib. Layihənin əsas məqsədi təhlükəsiz məktəb mühitini formalaşdırmaqdan ibarət olub.

APA-nın məlumatına görə, 190 saylı orta məktəbin pedaqoji şurasının tədris müəssisəsində şagirdlərin təhlükəsizliyini təmin etmək, bu sahədə bilikləri artırmaq məqsədilə FHN-ə ünvanladığı müraciətinə dərhal münasibət bildirilib, onlara hərtərəfli köməklik göstərilib. İlk növbədə məktəblilərə fövqəladə hallarda davranış qaydalarının öyrədilməsi, onların belə hallara mənəvi-psixoloji cəhətdən hazırlanması üçün səmərəli üsulların tətbiqinə diqqət yetirilib, həyat fəaliyyətinin təhlükəsizliyi üzrə biliklərin aşılanması diqqətdə saxlanılan məsələlərdən olub.

Layihə çərçivəsində FHN tərəfindən ilk növbədə məktəb odsöndürən balonlarla təmin edilib, məktəbin çardağının yanar taxta konstruksiyaları odadavamlı məhlulla hopdurulub, daxili yanğın su kranları ümumi su xəttinə qoşularaq, istifadəyə yararlı vəziyyətə gətirilib, kranlar müvafiq başlıq, lülə, şlanqlarla təmin edilib. Yanğın zamanı insanların və qiymətli əşyaların köçürülməsi üçün “Təxliyə planı” tərtib edilərək məktəbin rəhbərliyinə təqdim olunub. Eyni zamanda məktəbin 751 kv.m sahəsində yanğın xəbərverici siqnalizasiya qurğusu quraşdırılıb.

Bununla yanaşı, FHN tərəfindən məktəbdə fövqəladə hallara hazırlıqla bağlı maarifləndirmə-məlumatlandırma məqsədi daşıyan guşə yaradılıb. Eyni zamanda “Fövqəladə hallar uşaqların gözü ilə” yaradıcılıq müsabiqəsi, “Gənc xilasedici və yanğınsöndürən” yarışları keçirilib. “Fövqəladə hallar uşaqların gözü ilə” yaradıcılıq müsabiqəsində şagirdlərin əl işlərində, rəsmlərində fövqəladə hallar zamanı əhalinin təhlükəsizliyinin təmin edilməsi, əmlakın və sərvətlərin qorunması, qəzaların aradan qaldırılmasında FHN-in həyata keçirdiyi xilasetmə tədbirləri, təhlükəsizliyə münasibət əksini tapıb.

“Gənc xilasedici və yanğınsöndürən” adlı yarışda isə məktəbin komandaları biliklərini, fiziki hazırlıqlarını nümayiş etdiriblər. “Kombinəedilmiş yanğın estafeti”, “Gənc ekspertlər” və “Şən rəssamlar” yarışlarında məktəblilər birincilik uğrunda qüvvələrini sınayıblar. “Kombinə edilmiş yanğın estafeti” yarışında Nazirlik tərəfindən məktəbə hədiyyə edilən bum və çəpərdən istifadə olunub, “Gənc ekspertlər” həyat fəaliyyətinin təhlükəsizliyinin əsasları üzrə tərtib edilmiş sualları cavablandırıb, “Şən rəssamlar” fövqəladə hallar sahəsində onlara verilən mövzuya uyğun düşündüklərini, fantaziyalarını qısa vaxtda ağ kağıza köçürüblər. Yaradıcılıq müsabiqəsinin və yarışların nəticələri FHN-in müvafiq əmri ilə yaradılan münsiflər heyəti tərəfindən qiymətləndirilib. “Fövqəladə hallar uşaqların gözü” ilə yaradıcılıq müsabiqəsində xalq rəssamı Nazim Bəykişiyev də münsif kimi məktəblilərin rəsm əsərlərinin obyektiv qiymətləndirilməsində yaxından iştirak edib.

Layihənin yekunu olaraq məktəbdə FHN tərəfindən yaradılmış güşənin açılışı, yaradıcılıq müsabiqəsi və yarışın nəticələrinin qiymətləndirilməsi mərasimləri olub. Fövqəladə hallara, ekstremal vəziyyətlərə hazırlıq baxımından əhəmiyyətli olan guşədə “Texnogen xarakterli fövqəladə hallar”, “FHN-in regional mərkəzlərinin dislokasiya xəritəsi”, “Təhlükələrin öyrənilməsi və onlar müdafiə həyat təhlükəsizliyinin əsasıdır”, “Qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlər və fövqəladə hallarda ilk tibbi yardım”, “Fövqəladə hallardan qorunma və nəfəs orqanlarının mühafizə vasitələri” və “Yanğın təhlükəsizliyi” bölmələri mərasim iştirakçıları tərəfindən maraqla izlənib.

Mərasimdə çıxış edən məktəbin direktoru, respublikanın əməkdar müəllimi Afət Bakıxanova, dərs hissə müdiri Qənirə Əmircanova FHN-in təhsil müəssisəsinə göstərdiyi diqqət və qayğıya görə ən xoş arzularını dilə gətirib, respublikada ilk dəfə olaraq pilot layihənin bu məktəbdə reallaşdırdığına görə nazirliyin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonra “Fövqəladə hallar uşaqların gözü ilə” və “Gənc xilasedici və yanğınsöndürən” yarışının qaliblərinə FHN-in kuboku, qiymətli hədiyyələri və Fəxri fərmanları təqdim edilib. Həmçinin, məktəbə FHN tərəfindən hazırlanan “Özünə və başqalarına kömək etməyi bacar” kitabı hədiyyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR